23.01.2026, 16:32
AZ EN
23.01.2026, 14:47 118

İki dəfə yaralanıb, qadın rolunda səhnəyə çıxan İrəvan teatrının banisi

XƏBƏRLƏR
  • Bu gün istedadlı aktyor, teatr təşkilatçısı və rejissor, ömrünü İrəvan teatrına həsr etmiş Yunis Hacının (Yunis Süleyman oğlu Süleymanov) doğum günüdür. O, 23 yanvar 1878-ci ildə İrəvanda anadan olub. Yunis dindar atasının tövsiyəsi ilə altı il mollaxanada oxuyub. Ancaq bir il gimnaziyada oxumaqla və burada hazırlanan tamaşada bircə dəfə oynamaqla bu sənətə aşiq olub.

Yunis Nuri səhnəyə ilk dəfə 8 dekabr 1890-cı ildə Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Şərəbanu xanım rolu ilə çıxmışdır. Bununla da taleyini teatrın  çiçəklənməsinə yönəldən Yunis Nuri aktyor və rejissor kimi fəaliyyət göstərib. 1905-1907-ci illərdə avam, savadsız adamlar tərəfindən "kafir", "mütrüb" damğası ilə iki dəfə ciddi bədən xəsarəti alsa da Yunis Nurini heç bir qorxu amalından döndərə bilməyib...

O, dram kollektivi ilə Mirzə Fətəli Axundzadənin, Nəriman Nərimanovun, Nikolay Qoqolun, Rəşid bəy Əfəndiyevin və başqa sənətkarların əsərlərini tamaşaya hazırlayıb.

1918-1920-ci illərdə ermənilər İrəvan şəhərində kütləvi qırğınlar törədəndə İrəvanın bir çox həvəskar aktyoru kimi Yunis Nuri də İranın Xoy şəhərinə mühacirət edir. Həmin truppa üç ilə qədər orada qalmış, truppanın üzvləri çörəkpulu qazanmaq üçün müxtəlif işlərdə çalışsalar da, hərdən teatr tamaşaları da göstərmişdilər.

1921-ci ilin ikinci yarısından etibarən irəvanlı qaçqınlar tədricən geri qayıtmağa başladılar. 1922-ci ilin fevralından “Mərkəzi türk klubu” adlanan klubun nəzdində Yunis Nurinin başçılığı ilə həvəskar artistlərin cəmləşdiyi Türk teatr truppası fəaliyyət göstərirdi. 1924-cü ilin may ayında Mərkəzi Türk klubu nəzdindəki dram dərnəyinə müstəqil teatr truppası statusu verilir.

Qədim İrəvan şəhərinin özündə, Göyçə, Basarkeçər, Qarakilsə, Qaranamaz, Dilican, Vedibasar, Uluxanlı... və bu kimi Azərbaycan mahallarında teatr sənətinin geniş miqyaslı fəaliyyəti sənət fədaisi Yunis Nurinin adı ilə sıx bağlıdır. Səhnəni həyat amalına çevirmiş Yunis Nuri İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1949-cu ildə müvəqqəti bağlanana qədər səhnədən ayrılmayıb. Aktyor İrəvanda istehsal olunmuş "Zəngəzur" (Əhməd), "Anahid" (Kişi), "Göyçə gölü balıqçıları" (Kəndli), "Dağ marşı" (Həsən), "Xaspuş" (Ata) və sair filmlərə çəkilib.

1928-ci il mart ayının 15-də Ermənistan hökumətinin qərarı ilə səyyar tipli İrəvan Dövlət Türk (Azərbaycan) Dram Teatrı yaradılanda Teatr truppasına rəhbərlik peşəkar aktyor Yunis Nuriyə tapşırılmışdı.

Azərbaycan teatr sənətinin İrəvan şəhərində inkişafındakı xidmətlərinə görə Yunis Nuri 1936-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Görkəmli tüatr fədaisi Yunis Nuri 1950-ci il yanvarın 5-də vəfat edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər