Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.
Deputat bildirib ki, müdafiə qabiliyyətini və milli təhlükəsizliyini daim gücləndirən Azərbaycan üçün dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin ildən-ilə artırılması hər zaman prioritet olub. Bu, respublikamızın hərbi müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrimizin döyüş imkanlarının artırılmasına, maddi-texniki bazasının daha da müasirləşdirilməsinə, bütövlükdə ordu quruculuğunun daim inkişaf etdirilməsinə imkan verib.
Ordu dövlətin təməl prinsiplərindən biri, təhlükəsizliyinin əsas təminatçısıdır deyən A.Məmmədov qeyd edib ki, hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı ordu quruculuğu və bu sahədə perspektiv vəzifələr barədə danışan Prezident İlham Əliyev Azərbaycanda ordu quruculuğu sahəsində böyük işlər görüldüyünü və bu prosesin davam etdirələcəyini bildirib. “Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
“Ötən 22 ildə Azərbaycanın müdafiə sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrin tərkibində olan bütün qoşunlarda həyata keçirilən islahatlar Prezident İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Bu illərdə dövlətimizin başçısının xüsusi nəzarəti, tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan ilk növbədə ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün gərgin, səmərəli və məqsədyönlü iş aparılıb”, - deyə A.Məmmədov bildirib.
Deputat xatırladıb ki, Ermənistanın 2020-ci il sentyabrın 27-dən törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks hərbi-əməliyyatlara başlamasına səbəb oldu. Əməliyyatların ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi işğaldan azad edildi. Tezliklə Ermənistanla dövlət sərhədinə qədər torpaqlarımızın işğaldan azad olunması ilə bütün dünya Azərbaycanın gücünü, işğalçı Ermənistanı ən qısa müddətdə məğlub etmək əzmini gördü. Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın, Xocavənd, Xocalı, Laçın, Tərtər rayonlarının kəndlərinin azad olunması, Xudafərində Azərbaycan bayrağının ucaldılması, İranla dövlət sərhədinə nəzarətin tam təmin edilməsi Azərbaycan Ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Cəbhənin elə bir sahəsi olmadı ki, əsgərlərimiz hücum əməliyyatında ləngisinlər. Elə bir istiqamət olmadı ki, düşmənin müdafiə mövqeləri yarılmasın. Bununla yanaşı, əsas olan odur ki, bu şanlı Qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Bu Qələbə sevincini xalqımıza hərbçilərimiz yaşatdılar. Şuşanın azad olunması isə döyüşlərin kulminasiya nöqtəsi oldu.
A.Məmmədov, həmçinin deyib: “Azərbaycan Ordusu döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdi. Beləliklə, Prezident İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, Ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini şərtləndirən əsas amillər oldu. Bu Qələbə həqiqətlərə də yeni işıq saldı. Belə ki, ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Bir çox ölkələr bu gün ordumuzun döyüş təcrübəsi ilə yaxından maraqlanmağa başlayıblar. Bununla da Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 22 ildə Prezident İlham Əliyevin xüsusi diqqəti ilə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı”.
Vətən müharibəsindəki Zəfərdən sonra ordu quruculuğu prosesinin davam etdirildiyini diqqətə çatdıran deputat vurğulayıb ki, Azərbaycanın yerli müdafiə təyinatlı sənaye quruculuğuna nail olması, təxminən mindən çox adda hərbi təyinatlı məhsul istehsalını mənimsəməsi də son dərəcə qürurverici haldır. Hazırda ölkəmizdə hərbi-sənaye kompleksinə aid müxtəlif müəssisələr uğurla fəaliyyət göstərir. Qeyd olunanlardan da göründüyü kimi, ölkəmizdə müasir ordu quruculuğu yüksək səviyyədə təmin edilib.
“Beləliklə, Prezident İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də uğurla həyata keçirilən siyasəti nəticəsində Azərbaycan Ordusu yalnız bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutub. Onun qayğısı nəticəsində son illər ərzində Azərbaycan Ordusu inkişafının yeni bir səviyyəsinə yüksəlib. Qoşunların maddi-texniki bazasının davamlı olaraq təkmilləşdirilməsi, döyüş hazırlığının real döyüş vəziyyətinə daha da yaxınlaşdırılması, Silahlı Qüvvələrdə mənəvi əhval-ruhiyyənin sağlamlaşdırılması, ordunun milli kadr hazırlığının uğurla davam etdirilməsi, ordunun struktur islahatlarının onun qarşısında dayanan vəzifələrə uyğun aparılması, nizam-intizamın gücləndirilməsi, şəxsi heyətə sosial qayğının daim diqqət mərkəzində saxlanması Azərbaycan Ordusunun daha da güclənməsinə imkan yaradıb. Bütün bunların nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandanın bütün əmrlərini vaxtında yerinə yetirməyə və Azərbaycan xalqının ümidlərini doğrultmağa qadir olan bir qüvvəyə çevrilib”, - deyə Anar Məmmədov fikirlərini yekunlaşdırıb. (AZƏRTAC)