Mövzu ilə bağlı siyasi dəyərləndirmədə politoloq İlyas Hüseynov dünyada davam edən qlobal müharibələr fonunda bu çağırışın olduqca önəmli və vacib olduğunu vurğulayaraq deyib: “COP29 çərçivəsində həm də Azərbaycanın beynəlxalq ictimaiyyətə sülh və müharibələrin dayandırılması yönündə çağırışı mövcuddur. Düşünürəm ki, bu, çox önəmli bir çağırışdır. Dünyada bu gün qlobal müharibələr həm də iqlimə, biomüxtəlifliyə, sülhə, sabitliyə, təhlükəsizliyə, beynəlxalq hüququn qorunmasına mənfi təsir göstərir və bu gün açıq-aşkar şəkildə beynəlxalq hüququn fundamental norma və prinsipləri pozulur. Azərbaycan özü də işğala məruz qalmış dövlət idi və hazırkı geosiyasi reallıqlarda Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü təmin etmişdir. Ölkəmiz həm də beynəlxalq hüququn qorunmasının əsas tərəfdarları kimi çıxış edən geosiyasi aktırdır. Təəssüflər olsun ki, Azərbaycanın çağırışına bütün dünya birliyi adekvat münasibət göstərməyib. 150-yə yaxın dövlət Azərbaycanın çağırışını dəstəkləmişdir. Bu dövlətlərin əksəriyyəti Qoşulmama Hərəkatının üzvləridir və o dövlətlər həm də Azərbaycanın haqq mübarizəsində ölkəmizə beynəlxalq miqyasda öz dəstəkləri ilə seçilmişlər. Bu, çox önəmli bir təşəbbüsdür. Azərbaycanın beynəlxalq arenada nə qədər güclü sülh tərəfdarı olmasının sübutudur və hesab edirəm ki, artıq COP29 tədbiri yaxınlaşdıqca digər dövlətlər də, tərəddüddə olan dövlətlər də çağırışa qoşulacaqlar”.
Xatırladaq ki, hazırda qlobal miqyasda 52 münaqişə mövcuddur. Bu isə o deməkdir ki, bütün bu hərbi aktivlik təkcə insan itkilərinə deyil, həm də təbiətimizə neqativ təsir göstərir. Məhz buna görə də Azərbaycanın COP atəşkəsi çağırışı son dərəcə doğru və yerindədir.
Tahirə AĞAMİRZƏ