Bunu açıqlamasında Zatulinin "Moskovskiy komsomolets" qəzetindəki köşə yazısını şərh edən Milli Məclisin deputatı Azər Allahverənov deyib.
O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında çoxillik münaqişə 2020-ci ilin noyabrında 44 günlük Vətən müharibəsinin yekunlarına əsasən həll edilib. Bununla yanaşı, deputat vurğulayıb ki, müharibə Ermənistan tərəfindən davam edən hərbi təxribatların nəticəsi olub.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsinin nəticələrindən ruhlanan Ermənistanın siyasi elitası uzun illər Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış edir və bunları aqressiv ritorika, hərəkətləri ilə möhkəmləndirirdi.
"Bu çılğın siyasətin təsiri altında olan baş nazir Paşinyan istər ovaxtkı Ermənistanın müdafiə naziri David Tonoyanın timsalında daxili, istərsə də erməni cəmiyyətinin aqressiv hissəsini "yeni torpaqlar uğrunda" müharibəyə kökləyən xarici qüvvələrin təzyiqi altında açıq şəkildə vəziyyəti gərginləşdirməyə və eskalasiyaya getdi. Əvvəlcə 2020-ci ilin iyulunda Tovuz istiqamətində, daha sonra isə sentyabrda - bütün təmas xətti boyunca", - deyə o bildirib.
Allahverənov vurğulayıb ki, bununla da Paşinyan Ermənistanın hakim elitasının "əsl simasını" nümayiş etdirib.
Deputatın sözlərinə görə, Azərbaycan əsgərinin şücaəti sayəsində təcavüzkar sarsıdıcı məğlubiyyətə uğradı və məğlubiyyət öhdəliklərini öz üzərinə götürərək üçtərəfli bəyanatı imzaladı. Parlamentari qeyd edib ki, bu öhdəliklərin bir hissəsini erməni tərəfi heç vaxt könüllü şəkildə yerinə yetirmədi.
"Bu isə 2023-cü ilin sentyabr hadisələrinə gətirib çıxardı ki, bunun da nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olundu. Bütün bunlar Azərbaycan xalqının iradəsi və Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində baş verdi. Bu siyasət mahiyyət etibarilə öz merkantil maraqları naminə Ermənistan-Azərbaycan münaqişəsi vasitəsilə bütün Cənubi Qafqazı təzyiq altında saxlamağa çalışan regional qüvvələrin səylərini neytrallaşdırdı", - o qeyd edib.
Zatulinin istinad etdiyi Qarabağdakı erməni əhalisinin sayı ilə bağlı məlumatları şərh edən Allahverənov bildirib ki, rusiyalı deputat ölkəsinin Müdafiə Nazirliyinin rəsmi məlumatlarına və BMT-nin hesabatlarına məhəl qoymur.
Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin sayı Zatulinin iddia etdiyindən dəfələrlə az olub və parlamentarinin qeyd etdiyi kimi, bu, Rusiya sülhməramlı kontingentinin məruzələrində əksini tapıb.
O həmçinin vurğulayıb ki, erməni əhalisi Qarabağı könüllü tərk edib və proses beynəlxalq təşkilatların hesabatlarında qeyd olunub.
Ermənistanın Baş nazirinin Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı səsləndirdiyi sülh ritorikası barədə danışan Allahverənov qeyd edib ki, İrəvanın sülhlə bağlı bəyanatları bu gün beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir.
"Bəli, Ermənistanın ritorikası tamamilə sülhsevərdir və sirr deyil ki, bu gün bəşəriyyətin mütərəqqi hissəsi tərəfindən açıq şəkildə dəstəklənir. Elə Rusiya Prezidenti Vladimir Putin də iki ölkə arasındakı sülh prosesi ilə bağlı dəfələrlə müsbət fikirlər səsləndirib. Lakin belə çıxır ki, həm Konstantin Zatulin, həm də onun kimi müxtəlif siyasi mərkəzlərin nümayəndələri növbəti dəfə Ermənistanın ictimai-siyasi həyatında "suyu bulandırmağın" və bunu ölkə üçün taleyüklü parlament seçkiləri ərəfəsində etməyin heç də əleyhinə deyillər", - deputat bildirib. (Report)