23.01.2026, 18:52
AZ EN
23.01.2026, 17:25 100

Xankədiyə ilk köç bir yaşayış məntəqəsinə dönüş deyil, bir nəslin yaddaşına, xatirəsinə, kökünə qayıdışdır...

XƏBƏRLƏR
  • Bəli, Xankəndinə ilk köç xəbəri bu şəhərə yox, bir ömrün xatirəsinə dönüşdür. Bu xəbər bir ailənin, bir nəslin yaddaşını oyadır.

Milli Məclisin deputatı Fatma Yıldırım Xankəndi ilə bağlı duyğularını belə bölüşür:

-Xankəndiyə ilk köç...

Bu xəbəri oxuyanda çox kövrəldim. Sevinc, qürur, nisgil hamısı bir anda qəlbimdən keçdi. Uşaqlığım yadıma düşdü.

Xankəndi mənim kökümdür, yaddaşımdır, uşaqlığımın səsi, yay günlərinin işığıdır. Bu şəhərin küçələrində mənim ailəmin izi, evimizin nəfəsi, nənəmin duası, atamın elmi, babamın əməyinin işığı var.

Uşaqlıq illərim hər yay Xankəndində keçirdi. Yay tətili başlayan kimi ora gedər, üç ayı həmin şəhərdə nənəmgildə qalardıq. Evimiz “apkom” deyilən hökumət binasının arxasında, qastronomun üstündə idi. O evin pəncərəsindən görünən mənzərə, o məhəllənin səsi bu gün də ürəyimdə yaşayır. İllər keçsə də, Xankəndi mənim üçün zamanın toxunmadığı bir xatirə olaraq qalıb.

Nənəm, əməkdar müəllim Seyran Zeynalova, Xankəndi 4 saylı məktəbin ibtidai sinif müəllimi idi. O, uşaqlara təkcə hərf öyrətmirdi, insanlıq, vətən sevgisi, zəhmətkeşlik öyrədirdi. Babam Yusif Əliyev isə Qarabağın maarif şöbəsinin müdiri olaraq bu torpaqda savadın, elmə hörmətin təməlini qoyan ziyalılardan idi. Bu şəhər onların alın təri ilə, əməyilə böyüyüb.

Xankəndi həm də atamın şəhəri idi.

Atam fizika-riyaziyyat elmlər doktoru, professor, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sevilən müəllimi, xatirələrdə hər zaman uca tutulan müəllimi Vidadi Əliyev Qarabağ camaatı tərəfindən həm alim, həm ziyalı, həm də əsl vətənpərvər insan kimi tanınırdı. O, bu torpağı yalnız sevmirdi, onu yaşayırdı. Elmi fəaliyyəti, düşüncəsi, sözü ilə Qarabağın həqiqətlərini qoruyurdu. Onu tanıyanlar, qohumlar, tələbələri, yetişdirdiyi alimlər bilir ki, Vidadi Əliyev Qarabağı canında daşıyan insanlardan idi.

Atam Əliyev Vidadi üçün 8 may təkcə Şuşanın işğal günü deyildi… o gün onun taleyi də sındı. Elə həmin gün iflic keçirdi, yataq xəstəsi oldu. 16 il boyunca bir yataqda, amma ruhən ayaqda qaldı. Hər gün inandı, hər gün ümidlə yaşadı ki, ata-baba yurdu Malıbəyli, Şuşa, Xankəndi, bütün Qarabağ azad olunacaq. Ağrılar içində olsa da, qəlbində bir arzu vardı, o torpaqları yenidən azad görmək. Təəssüf ki, bu sevinc ona nəsib olmadı… azadlığı gözləri ilə görə bilmədi. Amma əminəm ki, ruhu bunu hiss etdi. Çünki Vətənə inanan ürəklər heç vaxt məğlub olmur. Onun ümidlə döyünən qəlbi bu Zəfərin bir parçasıdır.

Bu gün deyirəm: ruhunuz şad olsun, ata… sizin inandığınız gün gəldi, biz qayıtdıq.

Əziz qonşularımız Şura xala, İsfəndiyar əmi, Nənəqız nənə, Qənifə xala… artıq bir çoxunuz bu dünyada deyilsiniz. Amma xatirəniz, mehribanlığınız, səmimiyyətiniz Xankəndinin ruhunda yaşayır. Allah bütün dünyasın dəyişən əzizlərimizə rəhmət eləsin. Onlar bu torpağın yaddaşı idi.

Xankəndinə ilk köçən insanların sevincini görəndə anlayıram ki, bu sadəcə köç deyil.

Bu Böyük Qayıdışdır!

Tariximizin, ləyaqətimizin, haqqımızın qayıdışıdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bu sevinci bizlərə yaşatdığına görə təşəkkür edirəm.

Torpaqlarımız uğrunda canından keçən şəhidlərimizə sonsuz rəhmət diləyirəm. Onların qanı ilə yazılan tarix qarşısında baş əyirəm.

İndi bizə düşən bir məsuliyyət var, buda dədə-baba

torpaqlarımıza sahib çıxmaq, gələcəyi birlikdə qurmaq.

Biz qayıtdıq və bu qayıdış əbədidir!

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər