"Vətən səsi"xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan deyib. Onun sözlərinə görə, bu məsələdən Ermənistanın o dövrdəki xarici işlər naziri vəzifəsində çalışan Vardan Oskanyanın da məlumatı olub və danışıqların ilkin mərhələsi məhz onunla aparılıb: "Robert Köçəryanın hakimiyyəti dövründə Ermənistanın xarici siyasət məsələləri ilə məşğul olmuş Vardan Oskanyan barədə danışılacaq çox şey yoxdur, çünki onun siyasi və iş təcrübəsi acınacaqlı epizodlarla doludur.
Parlament fraksiyasının rəhbəri bildirib ki, Vardan Oskanyan Köçəryan dönəmində Mehri bölgəsinin Azərbaycana verilməsi barədə danışıqlara gediləndə zəiflik göstərib: "Çünki o, nə öz hakimiyyətlərinin yürütdüyü siyasətin mahiyyətini, nə də məğlubiyyətlərini tam anlamırdı. İndi isə "TRIPP yolu" layihəsinə qarşı "Səlib yürüşü"nə başlayıblar? Niyə? Burada Mehri bölgəsinin Azərbaycana verilməsindən böyük nə var ki? Biz bilirik, çünki onların hakimiyyəti öz arzularını reallaşdıra bilmədilər. Onlar Ermənistanın suverenliyini ləğv etmək istəyirdilər".
Hayk Koncoryan hakimiyyəti keçmiş xarici işlər naziri Vardan Oskanyanın TRIPP layihəsini o qədər də əhəmiyyətli layihə hesab etməməsi barədə şərhinə əhəmiyyət verməməyə çağırıb. Onun sözlərinə görə, açıq tənqidlərin digər tərəfi odur ki, müxalifət artıq TRIPP layihəsi işə düşəcəyi təqdirdə bir qədər əlavə pul qazanmaq üçün biznes planları hazırlayır.
Koncoryan əmindir ki, "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizi Ermənistana rifah gətirəcək. Amma onun fikrincə, bu, müharibə istəyən erməni revanşistlərinin maraqlarına ziddir: "Müxalifətin strategiyası belədir: Ermənistan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. İndi yaxşı proseslər gedir, buna görə kədərli və bədbəxtdirlər. İnsanlar həyatı, müxalifət isə ölümü seçir, onlar müharibə istəyirlər, amma zarıldamaları reallığı dəyişməyəcək".
Elxan SALAHOV