23.01.2026, 18:34
AZ EN
23.01.2026, 17:17 135

Lalə Xəlilzadə: Yaxın Şərqdə erməni diasporunun araşdırılması ikiqat məsuliyyət idi

XƏBƏRLƏR
  • “Yaxın Şərqdə erməni diasporu” müəllifi olduğum ilk kitabdır və bu səbəbdən məsuliyyəti böyükdür. Digər tərəfdən, nəzərə alsaq ki, kitabın mövzusu Yaxın Şərqdəki erməni diasporudur, belə bir mürəkkəb və həssas coğrafiyada erməni amilinin araşdırılması məsuliyyəti ikiqat artırırdı.

Bu fikirləri müsahibəsində “Yaxın Şərqdə erməni diasporu: tarixi, dini, siyasi, mədəni, media, təhsil və sosial fəaliyyətləri” kitabının müəllifi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Lalə Xəlilzadə söyləyib.

O bildirib ki, kitabın yazılmasında əsas məqsəd tarixi məlumatları və faktları dəqiq şəkildə təhlil etmək, mövcud reallıqları akademik səviyyədə oxucuya çatdırmaq olub.

“Əsər əsasən ərəblərin “Levant” adlandırdıqları bölgədə, yəni Livan, Suriya, Fələstin, Misir və İordaniyada yaşayan ermənilərin bu ərazilərə yerləşmə tarixini araşdırır. Kitabda, eyni zamanda, onların dini-konfessional strukturlarının cəmiyyətə və dövlətə təsir mexanizmləri, sosial, siyasi mövqeləri, fəaliyyət istiqamətləri və təsir dairələri geniş şəkildə təhlil olunur”, - deyə müəllif qeyd edib.

Kitabın yazılma prosesinin bir il yarım davam etdiyini diqqətə çatdıran L.Xəlilzadə bildirib ki, tədqiqat zamanı yeddi dildə olan mənbələrdən istifadə edilib. Bunlara ərəb, erməni, fransız, rus, ingilis, türk və Azərbaycan dillərində olan mənbələr daxildir. Müxtəlif dillərdə və fərqli xalqların baxış bucağından yazılmış mənbələrə istinad edilməsi erməni diasporu məsələsinə daha dərindən və obyektiv yanaşmağa imkan verib.

“İstifadə olunan materiallar əsasən arxiv sənədlərinə, eləcə də müasir dövrün tələblərinə cavab verən elmi mənbələrə əsaslanır. Kitabda, həmçinin son dövrlərdə regionda baş verən proseslər, müharibələr və böhranlar, bu hadisələrin Livan və Suriyada yaşayan erməni icmalarına təsiri, habelə onların gələcək taleyi ayrıca araşdırılıb”, - deyə müəllif vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər