12.03.2025, 21:08
AZ EN
12.03.2025, 15:44 209

Mircəlil Qasımlı: Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaradıb

YAZILAR
  • Son vaxtlar müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, digər yüksəkvəzifəli şəxslərinin Azərbaycana rəsmi səfərləri respublikamızın beynəlxalq miqyasda etibarlı tərəfdaş və söz sahibi kimi nüfuzunun getdikcə artmasının daha bir əyani təsdiqidir və bu da əlbəttə, cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Azərbaycanla əlaqələrin inkişafına maraq göstərən çoxsaylı dövlətlərdən biri də beynəlxalq münasibətlər sistemində xüsusi diqqət cəlb edən Şimali Makedoniya Respublikasıdır. Son vaxtlar Azərbaycan ilə bu ölkə arasında əlaqələr intensiv xarakter almağa başlayıb. İkitərəfli siyasi əlaqələrin inkişafı ilə yanaşı, iqtisadi əməkdaşlığın dərinləşməsi, ticarət dövriyyəsinin artırılması, investisiya qoyuluşu üçün geniş potensial var. Həmçinin ölkələrimizin parlamentləri arasında əlaqələr inkişaf edir. Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana rəsmi səfəri bu ölkə ilə bir çox sahələrdə münasibətlərimizin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.

Bu fikirləri Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

Azərbaycanın Şimali Makedoniya üçün cəlbedici ölkə olduğunu qeyd edən deputat deyib ki, oxşar tariximiz, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları respublikalarımız arasındakı əməkdaşlığın dərinləşməsini zərurətə çevirib. Mircəlil Qasımlı iki ölkə arasında enerji sahəsində əməkdaşlığı xüsusi qeyd edərək Azərbaycanın təbii qazının keçən ilin sonlarında Şimali Makedoniya bazarına çatdırılmasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyev həmkarı Qordana Silyanovska-Davkovanın səfəri zamanı mətbuata bəyanatında siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlərin görülməsinin, eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu istiqamətində imkanların araşdırılmasının önəmini vurğulayıb, xüsusilə də energetika sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunub. Dövlətimizin başçısı Azərbaycanın bu il müntəzəm olaraq Şimali Makedoniya bazarını təbii qazla təmin edəcəyini, gələcəkdə lazım olan həcmdə qaz təchizatının artırıla biləcəyini qeyd edib. Azərbaycan Prezidenti, həmçinin keçən il ölkəmizin xarici bazarları 25 milyard kubmetr təbii qazla təchiz etdiyini, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsinin gündəlikdə duran məsələ olduğunu, bu gün Azərbaycan qazının bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin etdiyini bildirib.

Şimali Makedoniya Respublikasının mühüm etibarlı tərəfdaş və beynəlxalq miqyasda böyük nüfuza malik Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayan deputat bunu Prezident Qordana Silyanovska-Davkovanın bəyanatında səsləndirdiyi fikirlərin də təsdiq etdiyini söyləyib. O əlavə edib ki, Prezident Qordana Silyanovska-Davkova Azərbaycanın beynəlxalq münasibətlərdə çox fəal olduğunu, beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçildiyini, həmçinin Şimali Makedoniya kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrildiyini vurğulayıb. Dövlət başçısı, həmçinin diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin ləğvinin önəmli olduğunu qeyd edib, eyni zamanda, iqtisadi sahə ilə yanaşı, mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlığın qurulmasının da əhəmiyyətini vurğulayıb.

“Beləliklə, Bakıda aparılan müzakirələr, səsləndirilən fikirlər onu deməyə əsas verir ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri əlverişli imkanlar yaradaraq yaxın zamanlarda ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafını və dərinləşməsini şərtləndirəcək”, - deyə Mircəlil Qasımlı əminliyini bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər