22.02.2025, 10:41
AZ EN
21.02.2025, 17:26 109

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən meqalayihələr Qarabağın cənnətə çevrildiyini deməyə imkan verir

YAZILAR
  • Müzəffər Ordumuz Vətən müharibəsi nəticəsində torpaqlarımızın 30 illik erməni işğalına son qoydu. Dövlətimizin başçısı müharibə başa çatdıqdan sonra qalan məsələlərin də siyasi yollarla tam şəkildə həll olunacağını bəyan etmişdi. Belə ki, bir güllə atılmadan Ağdam, Laçın və Kəlbəcər rayonları düşmən işğalından azad olundu. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri sayəsində isə Qarabağda da konstitusion dövlət quruluşu bərpa edildi. Bununla da Azərbaycan öz ərazilərini işğalçılardan tam şəkildə təmizlənməkə qəhrəmanlıq səhifəsini yazdı.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O bildirib ki, torpaqlarımızda erməni işğalına son qoyulduqdan dərhal sonra azad olunmuş ərazilərin yenidən qurulması və bərpası dövrü başlandı. Dövlətimizin başçısının azad edilmiş ərazilərə hər bir səfəri yeni yaşayış məntəqələrinin və infrastruktur layihələrinin təməlinin qoyulması, tikinti işlərinin gedişi ilə tanışlıq və başa çatmış layihələrin açılışları ilə yadda qalır.

Fevralın 18-də isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə növbəti səfərinin ünvanı Ağdam oldu. Ermənistanın dağıdaraq xarabalığa çevirdiyi Ağdam “Ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırılır. Çünki dağıdılmış Ağdamın vəziyyəti erməni vəhşiliklərinin, vandallığının göstəricisi idi. Ağdam da digər yaşayış məntəqələrimiz kimi öz sahiblərinə qayıdandan sonra yenidən dirçəlməyə başladı.

Prezident İlham Əliyevin Ağdam şəhərinin bərpasının təməlini 2021-ci il mayın 28-də qoyduğunu xatırladan deputat deyib ki, məhz həmin gündən şəhərdə sürətlə yenidənqurma və bərpa işlərinə başlanılıb. Beləliklə, şəhər layihələndirilərək 100 min insanın firavan yaşaması üçün yenidən qurulmaqdadır.

“Ağdamda tikilən hər bir bina müasir standartlara cavab verir və 30 il məcburi köçkün həyatı yaşamağa məcbur olmuş ağdamlıların firavan, rahat yaşayışını təmin edəcək. Dövlətimizin başçısı Ağdamda açılışını etdiyi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksi şəhəri və ətraf yaşayış məntəqələrini dayanıqlı elektrik enerjisi ilə təmin edəcək, həm də təcrübəli mütəxəssislərin hazırlanmasında əhəmiyyətli rol oynayacaq. Eyni zamanda, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda inşa olunan “Hilton Garden İnn” hotelində, Muğam Mərkəzində, 2-ci yaşayış kompleksində, 1 nömrəli körpələr evi-uşaq bağçasında, 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə və “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış oldular.

Ağdam işğaldan azad olunandan sonra orada yeni bir şəhərin tikiləcəyini və necə olacağını təsəvvür etmək çətin idi. Amma bu gün yaşayış sahələri və digər inzibati binalar xarabalıqlar üzərində müasir şəhərin ucaldığını göstərir.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə də tanış oldular. Bu da onu göstərir ki, işğaldan azad olunmuş ərazilərdə həm müasir binala ucalır, həm də dağıdılmış və baxımsız qalmış tarixi abidələr bərpa edilməklə irsimizin silinməsinin qarşısı alınır. Ermənilər Qarabağda tariximizi dağıdaraq özünküləşdirməyə çalışsalar da, məqsədlərinə nail ola bilmədilər. Bu gün yenidən qurulub bərpa olunan tarixi abidələr bu torpaqların əsil sahiblərinin kimin olduğunu bir daha sübut edir.

Dövlətimizin başçısı Xankəndinə “Bulud” hotelin açılışını etdi və Zəfər parkının təməlini qoydu. Xankəndidə 12,9 hektar sahədə yaradılacaq Zəfər parkı xalqımızın qəhrəmanlıq tarixini əbədi olaraq nəsillərdən-nəsillərə çatdıracaq. Xankəndində fəaliyyət göstərən tikiş fabriki və digər müəssisələr öz doğma yurdlarına qayıdan insanların işlə təminatına töhfə verir. Bütün bunlar işğaldan azad olunmuş ərazilərdə həyatın yenidən qaynamağa başlamasına müsbət təsir göstərəcək. Xankəndində fəaliyyət göstərən Qarabağ Universiteti də mindən çox gəncimizə yüksək təhsil verməyə başlayıb”, - deyə A.Badamov vurğulayıb.

“Prezident İlham Əliyevin Xocalı rayonunun Ballıca kəndinin sakinləri ilə keçirdiyi çox səmimi görüşü hər birimiz sevinc və qürurla izlədik. Bəli, bu, dövlətimizin başçısının hər bir vətəndaşının Prezidenti olduğunun real həyatda təsdiqidir.

İşğaldan azad olunan bütün rayonlarda tikinti-quruculuq işlərinin sürətlə davam etdirilməsi və Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurla icra olunması fonunda 3 il ərzində 10-dan çox yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qayıdıb. 2026-cı ilin sonuna qədər isə 140 mindən çox keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdacaq. Onu da qeyd etməliyik ki, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə aparılan bütün tikinti-bərpa işlərini özünün iqtisadi gücü hesabına həyata keçirir. Yenidən tikilib bərpa olunan şəhər və kəndlər, istifadəyə verilmiş iki beynəlxalq hava limanı və tikintisi davam etdirilən üçüncü aeroport, yaşayış məntəqələrini birləşdirən müasir avtomobil və dəmir yolları, enerjinin istehsalı və nəqletmə infrastrukturu və digər infrastruktur layihələri ən yüksək səviyyədə tikilib istifadəyə verilir. Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən meqalayihələr Qarabağın əsl cənnətə çevrildiyini deməyə imkan verir”, - deyə deputat vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər