Milli Məclisin deputatı Hikmət Babaoğlu Rusiyanın xarici işlər nazirinin Azərbaycana səfərini “ARB 24”-ə şərh edərkən bildirib: “Regionda Azərbaycan-Ermənistan münasibətləri artıq yeni mərhələyə qədəm qoymaqdadır və bu mərhələ hər nə qədər mülayim görünsə də, Azərbaycan Prezidentinin və Rusiyanın xarici işlər nazirinin səsləndirdiyi fikirlər nə qədər diplomatik qaydada yumşaq səsləndirilsə də, bunların altında çox sərt gerçəklik var. Əslində, Sergey Lavrovun səsləndirdiyi fikirlər Azərbaycan Prezidentinin səsləndirdiyi mövqeyə bir növ cavab idi və onun qəbul edilməsi idi. Azərbaycan Prezidenti bir ehtiyatlı optimizm adlandırılacaq bir mövqe qoydu.Yəni, “2023-cü ildə Azərbaycan-Ermənistan münasibətlərində irəliləyişə nail olacağımıza ümid edirəm”, - dedi. Amma biz bilirik ki, bunun açarı məhz hardadır. Praqa və Soçi görüşlərində Azərbaycanın irəli sürdüyü beş baza prinsiplərinin dövlətlərin ərazi bütövlüyü və suverenliyi və sonda Lavrov buna necə cavab verdi? Lavrov fikirlərinin sonunda dedi ki, regiondan çox uzaqda olan bəzi aktorlar regiona həvəslə müdaxilə etməyə çalışırlar. Biz regionda sülhə xidmət edəcək hər bir mövqeyi qəbul etməyə hazırıq. Təki bunlar yerli xalqların maraqlarına uyğun olsun. Əslində, bu, qəbul etmək deməkdir”.
Millət vəkili daha sonra deyib: “Məsələ ondadır ki, bu həm də bir müddət öncə çox da uzaq olmayan, cəmi bir neçə ay bundan əvvəl səsləndirilən Fransa və Rusiyanın qarşılıqlı ittihamlardan geri çəkilmələridir. Hər iki ölkə biri-birini Cənubi Qafqazda yeni neokolonizmdə ittiham edirdilər. Paradoksaldır ki, hər ikisi eyni mövqedən çıxış edir və hər ikisi də bir-birini ittiham edir. Amma ortaya qoyulan Azərbaycanın sərt mövqeyi bir daha hər iki tərəfə mesaj vermiş oldu ki, yəni burda neokolonizmdən söhbət gedə bilməz, burda müstəqil Azərbaycan iradəsi var. Nəhayət, Cənubi Qafqaz uzun illərdən sonra haqq etdiyi real münasibətlər sisteminə qədəm qoymalıdır və nəyin şahidi olduq? Avropada, Brüsseldə keçiriləcək, yəni, Brüssel formatı adlandırdığımız o formatla bağlı ABŞ-ın da səy göstərərək bu formatı yenidən canlandırmaq istəkləri və bu prosesdə radikal fransa faktorunu geri itələmələrinin. Eyni zamanda, ikinci məsələ nədir, Rusiya geri çəkildi, layihə olaraq Azərbaycana göndərdiyi Vardanyandan imtina etdi. Yəni, Lavrovun səfərinin bu günlərə təsadüf etməsi də onunla əlaqədardır. Nəyə görə, məhz çıxışının əvvəlində Azərbaycan Prezidenti dedi ki, Lavrov bir il bundan əvvəl imzaladığımız Rusiya və Azərbaycan arasında qarşılıqlı müttəfiqlik haqqında bəyannamənin ildönümü ilə gəlibdir Azərbaycana. Amma biz bilirik ki, Vardanyanın gedişindən sonra, artıq, Rusiya necə deyərlər, təmiz əllə gəlir ki, bax, görürsünüz ki, üstü örtülü də olsa, biz artıq bundan imtina etmişik. Ona görə də bu yumşaq diplomatik ifadələrin altında sərt bir gerçəklik var. Hətta o qədər sərtdir ki, bu gerçəklik yeni bir müharibəyə səbəbiyyət verəcək qədər sərtdir. Ona görə də mən düşünürəm ki, bu isə Rusiyanın maraqlarına və onun Azərbaycan üzərindən dünyaya çıxmasına maneə olan bir hal kimi yenidən müharibənin başlanması və Avropa İttifaqı üçün də çox pis sürpriz ola bilər. Ona görə ki, yenidən müharibə başlasa, hələ də Avropa İttifaqının real alətləri yoxdur ki, bu müharibənin taleyini dəyişsin. Ona görə də düşünürəm ki, Azərbaycan Prezidentinin o mövqeyi ki, ehtiyatlı optimizmi kimi səciyyələndirdik, burda bir həqiqət var: “Məsələ ondadır ki, Lavrov bu məsələyə də toxunaraq dedi ki, regionda sabitliyin olması bizim və sizin çoxsaylı tərəfdaşlarınızın da marağındadır.
İkinci məsələ nədir, çox ciddi bir məsələ var: Artıq bir ildən sonra Rusiya sülhməramlılarının taleyi həll olunmalıdır. Lavrov həm də ona görə gəlib ki, yeni mandata, uzadılmış mandata necə nail ola bilər? Çünki o hələ də Qafqazdan getmək istəmir. Hələ də Rusiya-Ukrayna müharibəsinin taleyi çox aydın görünməyənə qədər Cənubi Qafqazda da mövcud olmağa çalışır”.
Hazırladı: Tahirə AĞAMİRZƏ