Azərbaycan bu gün tam suveren şəkildə qarşıya qoyduğu hədəflərə doğru addımlayır. Bu suverenliyi bərpa etmık üçün 44 günlük mübarizə aparan ölkəmiz hərb meydanında olduğu qədər diplomatiya masasında da bu fəaliyyəti ilə də yadda qaldı. İstər dəyirmi masalar ətrafında, istərsə də 44 gün ərzində Azərbaycana qarşı təzyiqlərə şahid olduq. Özlərini beynəlxalq vasitəçi kimi təqdim edən güclər Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olmasında maraqlı olmadıqları kimi, sülh prosesinin həyata keçirilməsini də istəmirlər. Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı Xankəndində keçirilən paradda çıxışı zamanı bu məqamlara bir daha diqqət çəkdi. Dünyaya lazımi mesajları elə suverenliyimizin tam bərpa olunduğu yerdən göndərdi: “44 gün ərzində Azərbaycana müxtəlif yerlərdən, müxtəlif paytaxtlardan təzyiqlər göstərilirdi, təhdidlər səsləndirilirdi. Ancaq bizi haqq yolumuzdan heç kim döndərə bilməzdi və mən Vətən müharibəsi dövründə Azərbaycan xalqına müraciət edərək demişdim ki, düşmən bizə torpaqlarımızın azad olunmasının tarixini versin, o zaman biz müharibəni dayandırmağa hazırıq. Belə də oldu. Şuşa zəfərindən sonra düşmən faktiki olaraq kapituliyasiyaya hazır idi və bir gün sonra kapituliyasiya aktına imza atdı. Biz də müharibəni dayandırdıq. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığındaydı. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim bax burada, Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi”.
Təəssüflər olsun ki, 30 il əraziləri işğal altında olan da biz idik, təhdid və təzyiqlərə məruz qalan da. Beynəlxalq təşkilatların qərəzli hesabatları, təcavüzkarın vaxtında cızalandırılmaması törətdiyi terror aktlarına biganəlik, ikili standartlar Ermənistanı bir az da quduzlaşdırdı. Hələ müharibə başlamamışdan əvvəl beyənlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniyalar aparan Ermənistan hökumətinə dəstək də kifayət qədər idi. Bununla belə Azərbaycan həmin təzyiqlərin qarşısında dimdik dayanmaqla XXI əsrin müharibəsini 44 günə sığdırmağa nail oldu. Milli Məclisin deputatı Elşad Mirbəşirli “Real” TV-yə açıqlamasında bu təzyiqlərin səbəblərinə toxunaraq bildirib ki, məqsəd ondan ibarət idi ki, statuskvo vəziyyəti saxlanılsın: “Yəni Azərbaycanın ərazisi Ermənistanın işğalı altında qalsın. Müəyyən zaman keçdikdən sonra isə Azərbaycan torpaqlarının aneksiya edilməsi üçün bir əsas yaradılsın. 44 günlük Vətən müharibəsi dövründə vaxtilə Ermənistanın işğalçılıq siyasətinə görə BMT təhlükəsizlik şurası tərəfindən qəbul edilmiş qətnamələri Azərbaycanın icraya yönəltdiyi halda təşkilat tərəfindən Azərbaycana qarşı qərəzli mövqelər də sərgilənirdi və dəfələrlə ölkəmizə qarşı BMT təhlükəsizlik şurasında qərəzli müzakirələr həyata keçirilirdi. Lakin bütün bunlar Azərbaycanın siyasi iradəsinə təsir göstərə bilmədi”.
Azərbaycan müharibədən əvvəl də, hazırkı dövrdə də Ermənistana sülhlə bağlı çağırışlar edir. Beynəlxalq tribunalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regonunun sülh və əməkdaşlıq mıəkanına çevirlməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırır. Bu şansdan istifadə edəcəyi halda bütün regional layihələrdən təcrid olunan Ermənistana yeni qapılar açılacaq.
Hazırladı: Tahirə AĞAMİRZƏ