25.01.2026, 02:52
AZ EN
18.12.2025, 16:14 231

Azərbaycanın Ermənistana neft məhsulları ixracı: Tarixi hadisə və strateji baxış

YAZILAR
  • İki ölkə arasında sülh gündəliyinə uyğun olaraq, bu gündən Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılır. Noyabrın 28-də Qəbələ şəhərində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan arasında keçirilən görüşdə əldə olunan razılaşmaya əsasən, SOCAR-ın istehsal etdiyi Aİ-95 markalı 22 vaqon benzin Ermənistana göndərilir.

Siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, bu, sadəcə iqtisadi akt deyil, eyni zamanda regionda formalaşmaqda olan sülh və əməkdaşlıq platformasının strateji bir göstəricisidir. O qeyd edir ki, Azərbaycanın neft məhsullarının Ermənistana satışı sırf kommersiya xarakteri daşıyır və beynəlxalq bazar qiymətləri ilə həyata keçirilir.

Bu, 1992-ci ildən – Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə cavab olaraq dayandırılan enerji ixracından sonra ilk belə hadisədir. Yəni 30 ildən çox fasilədən sonra Azərbaycan ilk dəfə Ermənistana rəsmi şəkildə enerji məhsulu satır.

Turan Rzayev hesab edir ki, bu hadisə bir neçə mühüm aspektdən əhəmiyyət daşıyır:

Birincisi, tərəflər arasında birbaşa iqtisadi münasibətlərin qurulması sülh gündəliyinə real töhfə verir. Enerji kimi strateji sahədə əməkdaşlıq siyasi dialoqun praktik nəticəyə çevrildiyini göstərir.

İkincisi, bu satış güzəşt və ya humanitar jest xarakteri daşımır. Azərbaycan öz məhsulunu kommersiya şərtləri ilə satmaqla həm yeni bazara çıxır, həm də regionda enerji təchizatçısı kimi mövqeyini gücləndirir.

Üçüncüsü, gələcəkdə satışın daha sərfəli şərtlərlə aparılması, Ermənistanın enerji xərclərini azaltmaqla, Zəngəzur dəhlizi kimi layihələrin icrasına da təkan verə bilər.

Dördüncüsü, enerji asılılığı müəyyən siyasi təsir imkanları da yaradır. Ermənistanın Azərbaycan məhsullarına ehtiyacı artdıqca, bu, onun siyasi qərarlarında daha ölçülü davranmasına səbəb ola bilər.

Bütün bunlarla yanaşı, politoloq vurğulayır ki, məsələnin cəmiyyətə izahı da vacibdir. Müharibə yaşamış bir xalq üçün bu tip əməkdaşlıq psixoloji baxımdan birmənalı qarşılanmaya bilər. Ancaq dövlət emosiyalarla deyil, milli maraqlarla idarə olunur. Əgər bu addım Azərbaycanın siyasi, iqtisadi və diplomatik maraqlarına xidmət edirsə, onu geniş strateji kontekstdə qiymətləndirmək lazımdır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər