08.06.2025, 22:19
AZ EN
28.05.2025, 11:48 117

Deputat: 28 May Azərbaycan xalqının azadlıq və suverenlik uğrunda apardığı mübarizənin təntənəsidir

YAZILAR
  • Bu gün Azərbaycan 28 May Müstəqillik Gününü qeyd edir. Artıq xalqımız bu bayramı daha qürurla və fəxrlə, fərqli bir əhval-ruhiyyədə qeyd edir. Çünki artıq Azərbaycan bütövdür, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfərlə ərazilərimiz işğaldan azad edilib və biz bu bayramı qalib xalq, qalib ölkə kimi qeyd edirik.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Bu gün Azərbaycanın dövlətçilik tarixində ilk demokratik və dünyəvi respublikanın əsasının qoyulduğu gündür:

“Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaratdı.

Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Cümhuriyyətin əsas ideyası xalqın iradəsinə əsaslanan, hüquq və azadlıqları tanıyan, bərabərlik və demokratik prinsiplərlə idarə olunan bir dövlət qurmaq idi. Qısa fəaliyyət dövründə bir çox mühüm islahatlara imza atıldı.

Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Qadınlara ilk dəfə seçki hüququnun verildiyi və qadın-kişi bərabərliyini təmin edildiyi Cümhuriyyətdə milli ordu quruculuğu, Milli Bankın yaradılması və milli valyutanın tətbiqi, demokratikləşmə, azad seçkilərin təşkili istiqamətində son dərəcə mühüm addımlar atıldı”.

Deputat bildirib ki, təəssüflər olsun ki, AXC yalnız 23 ay yaşadı:

“1920-ci il aprelin 28-də Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində süqut etdi və Azərbaycan Sovet Sosialist Respublikası elan olundu. Lakin bu qısa müddət xalqın dövlətçilik yaddaşında silinməz iz buraxdı.

1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan yenidən müstəqilliyini bərpa edərkən məhz AXC-nin varisi olduğunu bəyan etdi. 28 May günü isə rəsmi dövlət bayramı kimi qeyd olunmağa başladı. Bu gün 28 May Müstəqillik Günü kimi Azərbaycanda böyük coşqu ilə qeyd olunur. Dövlət qurumlarında bayram tədbirləri, vətənpərvərlik ruhunu yüksəldən çıxışlar və gənclər üçün maarifləndirici tədbirlər keçirilir. Bu, yalnız bir tarix yox, eyni zamanda müstəqilliyin, azadlığın və milli kimliyin rəmzidir.

28 May – Azərbaycan xalqının azadlıq və suverenlik uğrunda apardığı mübarizənin təntənəsidir. Bu gün bizə müstəqillik ideyasının nə qədər qiymətli olduğunu xatırladır və gələcək nəsillər üçün azad, güclü bir dövlət qurmaq məsuliyyətini daşıdığımızı göstərir”. (Trend)

Oxşar xəbərlər