21.11.2024, 17:46
AZ EN
11.08.2022, 17:23 451

Ermənilər romantika ilə yaşayırlar

YAZILAR
  • 30 ilə yaxın bir dövrdə Azərbaycan torpaqlarını işğal altında saxlayan və havadarlarının dəstəyi ilə daim manevrlər edərək məsələnin həllini dalana dirəyən Ermənistan indi 44 günlük müharibədən aldığı sarsıntılarla yaşamaqdadır.

«Hraparak» qəzetinin baş redaktoru Armine Ohanyan rəhbərlik etdiyi qəzetin 9 avqust tarixli sayında yazdığı «Ermənilər əsrlərlə eyni sadəlövh və romantik qalıblar» məqaləsində ölkədəki ictimai-siyasi ab-havanı özünəməxsus üslubda şərh edir, vurğulayır ki, ermənilər həmişə kiməsə ümidli olub, kimlərinsə istəkləri ilə oturub-durub. İndi başqa bir zamanın mövcud olduğunu bildirən jurnalist əlavə edir ki, hər bir ölkənin və millətin özünün maraqları var və bu maraqların həyata keçməsi üçün əlverişli vaxtlardan ustalıqla istifadə edirlər. Ermənilər isə sadəlövh və romantik olduqlarına görə çox vaxt reallığı qəbul etməyərək illüziyalarla yaşayırlar. Bəlkə də, üzündə kosmetik əməliyyatlar aparıldığına görə zahirən gözəl və yaşından cavan görünən bu qadın həmin yazısında özünün daxilinin nə qədər eybəcər olduğunu da açıqlayır. O Azərbaycan və Türkiyə haqqında təhqiramiz ifadələr işlətməklə dünyanın nəyə görə ermənilərə yardım etməməsindən şikayətlənir. Onun məntiqinə görə dünyanın ermənilərə xidmət etməməsi guya Tanrı qarşısında böyük günahdır. Ermənistanın bütün dövrlərdəki iqtidarlarını xalqa zidd fəaliyyət göstərməkdə suçlayan A.Ohanyan onu da bildirir ki, bu siyasət davam edərsə, nəinki İrəvan, Ermənistanın hər bir guşəsi türk nəzarətində olacaqdır. Nə deyirik, təki belə olsun!

Ermənistan 1991-ci ildə öz müstəqilliyini elan etdikdən sonra ölkənin ilk xarici işlər naziri olan amerikalı erməni Raffi Hovanesyanın son günlər fəallaşması da Ermənistan mətbuatının gündəlik mövzularındandır. R.Hovanesyan avqust ayının 5-də xalqa müraciət edərək indiyədək keçirilən etiraz aksiyalarında niyə iştirak etmədiyinin səbəblərini bildirib və Paşinyan hökumətinin müvəqqəti hökumətlə əvəzlənməsinin va­cibliyini açıqlayıb. O, hökumətdə kimləri görmək istədiyini və həmin şəxslərin siyahısını da mətbuatda dərc etdirib. Tərkibi əsasən keçmiş yüksək vəzifəli məmurlardan ibarət olan bu siyahı ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Ermənistanın nazirlər kabinetinin mətbuat xidməti isə sözügedən siyahıya münasibət bildirməyi gərəksiz hesab edib və bütün bunların növbəti oyun olduğunu açıq­layıb. Müxtəlif kanallarda yayımlanmış videoçarxlarda R.Hovanesyanın erməni ədəbi dilini yaxşı bilməməsi də aydın olur. O, avqustun 9-da Fransa meydanında keçirdiyi brifinqdə deyib ki, dünən taksiyə əyləşmişdim və sürücü Azərbaycanın uğurlarından, Ermənistanın düşdüyü çətin vəziyyətdən ürəkdolusu danışırdı. Biz ayrılanda isə o mənə dedi ki, «salam». Deməli həmin sürücü azərbaycanlıdır və o, Gürcüstan vasitəsilə İrəvanda məskunlaşıb, işləyir. Vaxtilə Ermənistanın xarici siyasətinə rəhbərlik edən bu adamın həmin sözləri jurnalist Armine Ohanyanın da vurğuladığı kimi, romantik ifadədir. Hamı yaxşı bilir ki, azərbaycanlı olan şəxs ayrılarkən «salam» yox, «salamat qal», yaxud «xudahafiz» ifadəsini işlədir. Uzun müddət siyasi arenada görünməyən Raffi Hovanesyanın üzə çıxaraq birdən birə ağla batmayan fikirlər irəli sürməsi də, əlbətə də, erməni illüziyasından başqa bir şey deyil.

Hazırda Ermənistanda ən çox müzakirə edilən mövzu Laçın şəhəri və ona bitişik kəndlərdir. Saytlarda yerləşdirilmiş videoçarxlarda və qəzetlərdə dərc olunmuş müxtəlif məqalələrdə açıq-aydın görünür ki, ermənilər üçtərəfli bəyanatın tələblərini xoşluqla yerinə yetirmək istəmirlər. Zabux kəndində məskunlaşmış ailələrdən yalnız 7-nin Xankəndinə köçmək istədiyi barədə məlumat verən icma rəhbəri onu da bildirib ki, onlar yeni evlər tikilənədək otellerdə yer və gündəlik təlabatları üçün pul veriləcəkdir. Həmin kənd icmasının rəhbərinin ləhcəsindən görünür ki, o, nə Ermənistandan, nə də Qarabağdandır. Suriyadan gətirilib, qeyri-qanuni məskunlaşdırılandır.

İranın «Xəyyam» süni peykinin «Baykanur» kosmik aerodromundan buraxılması və nəticənin müsbət olması erməniləri çox sevindirib. Politoloq Stepan Qriqoryan və başqaları bu olaydan ruhlanaraq bildirirlər ki, «Xəyyam» həm də Ermənistanın mənafeyinə xidmət edəcək.

Özləri çıxışmaz durumda olduqlarından kiməsə ümid bağlamaq erməni psixologiyasının əlamətlərindəndir. Bu Konstitusiya məhkəməsi rəyasət heyətinin sabiq rəhbəri Edqar Qazaryanın çıxışında da açıq-aydın görsənir. İşdə yolverdiyi nöqsanlara görə Paşinyan tərəfindən vəzifəsindən qovulan E.Qazaryan avqustun 23-dən sentyabrın 21-dək Paşinyanın istefasına nail olacaqlarını bildirib və bunun 3 variantdan biri ilə reallaşacağını vurğulayıb. Deyib ki, Paşinyan könüllü istefa verməsə, ikinci variantdan yəni, parlament vasitəsilə istefa baş tuta bilər. Əgər bu iki hal mümkün olmasa, onda sonuncu - üçüncü variantdan yəni, Paşinyan haqqında cinayət işi açılmasından istifadə ediləcək. Paşinyanın komandası isə bütün bunları cəfəngiyyat adlandırıb və hökumətin avqustun 11-də keçirilən növbəti iclasında gündəlikdəki məsələlərdən daha çox üçtərəfli bəyanatla bağlı danışılıb və bu dəfə də xəstə erməni romantikası özünü göstərib.

Nəsib QARAMANLI

Oxşar xəbərlər