Bu gün "Hraparak"da "Son gərginliyin səbəbi nədir?" başlıqlı yazıda Ermənistanın hakimiyyəti ilə Qarabağdan könüllü köçən ermənilərin arasındakı gərginliyin səbəblərinə aydınlıq gətirilməsinə cəhd edilib. Qeyd olunub ki, hakimiyyət bu il fevralın 20-də aksiya keçirməməsi üçün Samvel Şahramanyana və özlərini hələ də separatçı rəhbəri hesab edənlərə xəbərdarlıq edibmiş. Amma buna baxmayaraq aksiya keçirilib və baş nazir Nikol Paşinyanın komandası ilə birlikdə istefa verməsi tələb olunub. Bundan əlavə, heç bir dövlət rəsmisi Yerablura getməyib və bunu məsləhət də görməyib. Separatçılar isə Yerablura gedərək müharibələrdə ölən erməni hərbçilərin məzarlarını ziyarət ediblər. Bu olay da rəsmilərin qınağına səbəb olub. Onlar bildiriblər ki, Yerablurdakılar Ermənistan vətəndaşı idilər. Xankəndidə isə minlərlə "arsaxlı" gənc dəfn olunublar. Şahramanyan niyə Xankəndiyə gedib öz yerlilərinin məzarlarını ziyarət etməyib deyə onu məsxərəyə qoyan iqtidar partiyasının deputatı onu həm də çoxlu vəsait mənimsəməkdə günahlandırıb.
Agentlik onu da xatırladıb ki, Qarabağdan gələnləri müxalifətin potensial bazası olduğunu düşünən Ermənistan hakimiyyəti onlara vətəndaşlıq verilməsində o qədər də maraqlı olmadığına görə beynəlxalq təşkilatların sayəsində onların öz evlərinə "qayıdacaqları" barədə populist fikirlər səsləndirirlər.
Bəzi ermənilər isə belə deyirlər ki, albanlar, yəni Qarabağdan könüllü köçənlər təkcə Zəngəzuru deyil, İrəvanı da düşmənə hədiyyə etmək yolundadırlar.
Nəsib Qaramanlı