Məlumdur ki, tərəflər arasında sazişin əsas qayəsində Zəngəzur dəhlizi ətrafında sualları aradan qaldırmaq dayandı. Razılaşmaya görə, “Tramp marşrutu” adlanacaq bu 42 kilometrlik yol Birləşmiş Ştatlar Şirkətinə həvalə ediləcək. Analitiklər bildirirlər ki, bununla paralel Ağ Ev və Bakı arasında iqtisadi münasibətlərin inkişaf tendensiyası daha da artacaq.
“Təbiidir ki, mütləq şəkildə dəyərləndirməli olduğumuz məqam Azərbaycanın diplomatik rolunun, bir dövlət olaraq rolunun, qüdrətinin, nəinki regionda qlobal mənada intensiv olaraq artmasından irəli gələcək əməkdaşlıq perspektivləridir. Bu perspektvlər yaxın gələcəkdə həm enerji təhlükəsizlliyi sahəsində, həm sərhəd təhlükəsizliyi, hərbi kontekstdə, eyni zamanda iqtisadi investisiya axını mənasında və təbiidir ki, diplomatik məcrada da artacağını, dərinləşəcəyini söyləməyi bizə əsas verir”.
Bu fikirləri RealTV-yə açıqlamasında siyasi şərhçi Zülfiyyə Qarayeva deyib.
Göründüyü kimi, iki ölkə arasında əlaqələr əsasən enerji sektoru, ticarət, təhlükəsizlik və regionda sabitliyin təmin olunması üzərində qurulub. Vurğulamaq yerinə düşər ki, iqtisadi sahədə Birləşmiş Ştatlar Azərbaycanın ən böyük investorlarından biridir. Xüsusi ilə də enerji sektorunda. Bununla paralel hazırda Ağ Ev Bakının qeyri-neft sektorunda da fəaliyyətini genişləndirir. Texnologiya, kənd təsərrüfatı və təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə olunur. Məsələni analiz edən şərhçilər deyirlər ki, Birləşmiş Ştatlar Azərbaycanla enerji layihələrinin miqyasını şaxələndirməkdə maraqlı tərəf kimi çıxış edir.
“Faktiki olaraq Amerika şirkətinin regionda olması beynəlxalq investorlar üçün, o cümlədən Amerika Birləşmiş Ştatlarının investorları üçün də ciddi bir təhlükəsizlik yastığı deməkdir. Düşünürəm ki, Azərbaycan Amerika Birləşmiş Ştatları ilə həm vəsaitlərin dövr etdirilməsi, həm ticarət əlaqlərini daha çox investisiyaların cəlbi istiqamətində öz əməkdaşlığını genişləndirəcək”.
Bu sözləri isə iqtisadçı Elman Sadıqov məsələyə münasibət bildirərkən açıqlamasında deyib.
Birləşmiş Ştatları və Azərbaycan arasında münasibətlərin inkişafı təkcə iqtisadi, siyasi sahədə deyil, hərbi sahədə də hiss olunan dərəcədədir. Bəllidir ki, Ağ Ev Bakı ilə strateji tərəfdaşlığı NATO çərçivəsində inkişaf etdirir. Üstəlik, Birləşmiş Ştatları Xəzər dənizində təhlükəsizliyin təmin olunması üçün Azərbaycana texniki dəstəyini göstərir. Hərbi əlaqələrin miqyasında isə müdafiə sahəsində təlimlər, sərhəd təhlükəsizliyi və terrorizmə qarşı mübarizə üzrə əməkdaşlıq dayanır. Bundan başqa, 2002-ci ildən Ağ Ev təhlükəsizlik sahəsində ölkəmizə öz dəstəyini verir. Yardım, xarici hərbi maliyyələşdirmə proqramı, beynəlxalq hərbi təhsil və təlim, 2018-ci ildən Müdafiə Nazirliyinin 333-cü bölməsi çərçivəsində xarici təhlükəsizlik qüvvələri üçün bacarıqların artırılması proqramı və digər proqramlar vasitəsilə həyata keçirilir.
Hərbi ekspert Şair Ramaldanov isə fikrini belə bildirir:
“ABŞ tərəfindən 907-ci düzəlişin götürülməsi, əlbəttə, Azərbaycan üçün böyük imkanlar yaradır. Azərbaycan üçün artıq hərbi münasibətlərdə bütün proqramlar açıq olur və artıq bu istiqamətlərdə işlər aparılır. Azərbaycanın hərbi attaşesi tərəfindən və ABŞ hərbi attaşesi tərəfindən bununla bağlı müəyyən bir müzakirələr aparılır”.
Analitiklərin fikrincə, Birləşmiş Ştatları və Azərbaycan münasibətlərində əsas hədəf regional sabitliyin qorunması, enerji təhlükəsizliyinin təmin olunması və iqtisadi şaxələnmənin dəstəklənməsidir. Gözləntilər odur ki, yaxın illərdə ticarət dövriyyəsi artacaq və hərbi əməkdaşlıq daha da dərinləşəcək.
Tahirə AĞAMİRZƏ