Hərbi ekspert Ədalət Verdiyev özünün “FACEBOOK” şəxsi hesabında yazıb ki, hazırda hava şəraitinin şaxtalı olmasına baxmayaraq, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on gündür ki, fasiləsiz davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir: “QHT fəalları tərəfindən qurulan çadırlar və konteynerlərdə yüksək səviyyədə şərait yaradılıb. Aksiya iştirakçıları gün ərzində davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunur. Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəxsi heyəti təhlükəsizliyi yüksək səviyyədə təmin edir.
Aksiyanın ilk günlərindən Azərbaycan Könüllü Həkimlər Assosiasiyasından olan həkimlərimiz ərazidədir, Laçında, Şuşada, Zəngilanda, Qubadlıda, Cəbrayılda və Hadrutda olduğu kimi, burada da öz vəsaitləri hesabına, amma səyyar tibb məntəqəsi yaradıblar, iştirakçılara zəruri tibbi yardım və dərman təminatını həyata keçirirlər. Aksiya iştirakçılarının əhval-ruhiyyəsi qəhrəman əsgərimizin Qələbəsi ilə düz mütənasibdir. Aksiyaya qoşulmaq istəyənlərin müraciətləri isə davam edir. Aksiyaya hər yerdən dəstək verə bilərik. Biz birlikdə güclüyük”!
Hazırladı: Tahirə AĞAMİRZƏ