22.11.2024, 19:09
AZ EN
28.09.2022, 13:04 423

R.Koçaryan yenə müharibə istəyir

YAZILAR

Ermənistanın ikinci prezidenti separatçı qatil Robert Koçaryan sentyabrın 28-də saat 11:00-da jurnalistlər üçün mətbuat konfransı keçirib. «24 NEWS»da birbaşa yayımlanan mətbuat konfransında o, müxtəlif KİV-lərin suallarını cavablandırıb. 1992-ci ilin yayında Azərbaycan ordusunun Xankəndinin lap yaxınlığınadək irəlilədiyini və bunun qarşısını almaq üçün müxtəlif siyasi vasitələrdən istifadə etdiyini, bu işdə ona Rusiya və qonşu İranın da dəstəkçi olduğunu açıqlayan, L.Ter-Petrosyanla görüşündə nələrdən danışıldığının sirr olduğunu bildirən R.Koçaryan vurğulayıb ki, görüş zamanı danışılan mövzular barədə tam açıqlama verməməyə razılaşıblar.

Levon Ter-Petrosyanın Azərbaycanla sülh müqaviləsi imzalanması fikrinin əleyhinə olan R.Koçaryan jurnalistin sualına cavab da bildirib ki, bir çox ölkələrdə siyasi, yaxud iqtisadi böhran yarananda iqtidar öz komandası ilə istefaya gedir. «Amma Nikol və komandası kapitulyant olsa da, bu siyasi mədəniyyətdən kənardırlar». Ermənistanı mövcud durumdan xilas etməyin yolunu ictimai anlaşmada görən R.Koçaryan jurnalistin kilsənin bu işdə rolu ilə bağlı sualı cavablandırarkən isə bildirib ki, ermənilərin əsrlər boyu dövləti olmayıb. Erməni kilsəsi bu funksianı öz üzərinə götürərək erməni dövləti yaradılmasında əvəzsiz rol oynayıb. «Dinin siyasətə qarışmasının əleyhinəyəm. Amma din xalqı bir ideya ətrafında birləşdirirsə bu heç də siyasi fəaliyyət demək deyil», - deyə R.Koçaryan din xadimlərinin xalqın bir ideya ətrafında birləşməsi üçün səylərini artırmasının vacibliyini bildirib. Paşinyanın çətin zamanda xalqı birləşdirə bilməməsini xüsusi vurğulayan R.Koçaryan öz prezidentliyi dövründə ermənilərin yekdil fikirdə olduqlarını lovğalıqla vurğulayıb. Jurnalistin hansı ölkənin Ermənistana həqiqi dəstəkçi olduğu barədə sualını cavablandıran Xocalı qatili bir sıra dövlətlərin və beynəlxalq təşkilatların, Ermənistan-Azərbaycan qarşıdurması ilə bağlı yalnız bəyanatlar verməklə kifayətləndiyini, Ermənistanın təhlükəsizliyinin təmini üçün isə İrana daha çox bel bağlandığını bildirərək belə bir sirr açıqlayıb ki, İran erməni ordusunun döyüş qabiliyyətinin artırılmasına söz verib. Ona görə sülh müqaviləsi imzalamadan «mübarizə aparıb yeni qapılar açmalıyıq», - deyə R.Koçaryan Levon Ter-Petrosyanın təklifinin qəbuledilməz olduğunu bir daha vurğulayıb, sonra isə əlavə edib ki, «ancaq bu o demək deyil ki, biz danışıqları davam etdirməməliyik». Rəcəb Tayyib Ərdoğanın indiki reallıqda funksiyası barədə sualı cavablandıran Koçaryan üz-gözünü turşudaraq deyib ki, «Ərdoğan heç kəsi eşitmir». Azərbaycanın Ermənistan qarşısında qoyduğu tələblərə Türkiyənin daim dəstək verdiyini isə xüsusi vurğulayan Koçaryan cənab İlham Əliyev barədə belə deyib: «Azərbaycan Prezidenti həmişə deyir ki, heç kəs, heç bir zəng bizə təsir edə bilməz».

Erməni cəmiyyətində Rusiyaya qarşı narazılığın tərəfdarı olmadığını bildirən separatçı qatil bir neçə dəfə təkrarlayıb ki, bu düzgün hal deyil, Rusiyanın da öz maraqları var və o Azərbaycanla sıx əməkdaşlıq edir.

Əgər Paşinyan istefaya gedərsə ölkəyə kimin rəhbərlik edəcəyi barədə sualı cavablandırarkən isə o gülümsəyərək ermənisayağı fəndlə diqqətə çatdırıb ki, «gələcək rəhbərin adını ona görə demirik ki, ona qarşı dərhal saxta cinayət işi açılmasın».

Qarabağın işğalında özünün xüsusi rolu olduğunu dəfələrlə və loğvalıqla bəyan edən R.Koçaryan KTMT-ya üzv ölkələrin Ermənistanı niyə dəstəkləmədiyi barədə sualla bağlı isə bildirib ki, Orta Asiya ölkələri də dəhlizin olmasını istəyirlər. Bu onlar üçün həm də gəlir mənbəyi deməkdir. O, daha sonra əlavə edib ki, dəhlizin açılmamasında tam maraqlı olan dövlət isə İrandır və İran rəsmiləri, generallar bu barədə dəfələrlə açıqlama veriblər. Koçaryan KTMT-dan çıxmağın təhlükəli olduğunu bildirib və əlavə edib ki, bu baş verərsə, Emənistan daha ciddi problemlərlə üzləşəcəkdir.

Onu da deyək ki, bəzi suallar 2-3 dəfə təkrarlandığına görə o sual verən jurnalistlərə rişxəndlə «mən bayaqkı çıxışımda bu sualın cavabını vermişəm. Bir az diqqətli qulaq asmaq lazımdır».

Ümumiyətlə isə Robert Koçaryanın mətbuat konfransının məntiqi yekunu deməyə əsas verir ki, o və silahdaşları sülhün yox, yeni müharibənin tərəfdarıdır.

Nəsib QARAMANLI

Oxşar xəbərlər