Müəllif yazır ki, son vaxtlar bir neçə müxalif təşkilat yaranmasına baxmayaraq cəmiyyətdə pessimizm hökm sürdüyünə görə keçirilən etiraz aksiyalarında az adam iştirak edir və bu, əlbəttə, hakimiyyətin marağına uyğundur. Amma revanşçıların xüsusilə Azərbaycanla sülh müqaviləsinin gedişi və Rusiya barədə müxtəlif bəyanatlar səsləndirməsi Paşinyanın özündə və komandasında narahatlıq yaradır.
Bu gün müxalifət səhnəsində olanların hakimiyyətdə olduqları 2008-ci il martın 1-də törətdiyi qanlı olayları yenə də təkrarlaya biləcəyindən və nəhayət, hakimiyyətdən getməyə məcbur olacaqlarından ehtiyatlanan iqtidar müxtəlif hüququ vasitələrə əl atsa da öz marağına uyğun nəticəyə hələ də nail ola bilməyib. R.Koçaryan, S.Sarkisyan və komandasının fəalları iqtidar tərəfindən daim talançı, rüşvətxor, korrupsioner kimi təbliğ olunsalar da cəmiyyət bunun da bir siyasi oyun olduğu qənaətinə gələrək seyrçi mövqe tutmaqda davam edir.
Rusiyanın əli ilə hakimiyyəti qamarlayan sabiq iqtidarların, indiki müxalifətin Ermənistanın gələcəyinin Qərblə deyil, məhz Rusiya ilə daha təhlükəsiz olacağına dair fikirlər açıqlaması da Paşinyanın və komandasının narahatlığını artıran amillərdəndir. Paşinyanın iki od arasında vurnuxması müxalifətə hücum taktikasını yeni çalarlarla zənginləşdirmək yolu açır. Kremlin Ermənistana yönəlik ismarıcları isə Paşinyanı və komandasını yeni manevr imkanlarını gözləməyə vadar edir. Fransa, Yunanıstan, Hindistanla hərbi əməkdaşlıq sənədi imzalanması, Ermənistanın KTMT-da iştirakdan boyun qaçırması da məhz müxalifətin xeyrinədir.
Müəllif sonda belə qənaətə gəlib ki, ümumiyyətlə, Ermənistanın təhlükəsizliyi və suverenliyi məsələsi Qərblə Rusiya arasındakı münasibətlərdən asılıdır. Paşinyan isə nə edəcəyini hələ tam qərarlaşdırmayıb.
Nəsib Qaramanlı