21.11.2024, 22:44
AZ EN
27.10.2023, 13:37 342

Ekspert: “Fransanın Qarabağdakı hadisələri “etnik təmizləmə” adlandırması yersizdir"

YAZILAR
  • “Fransa hökumətinin Qarabağın erməni əhalisinə münasibətdə “etnik təmizləmə” ifadəsini işlətməsi həqiqətə uyğun deyil və bu, sentyabrda Azərbaycanın bu bölgəsində baş verənlərlə bağlı reallıqları əks etdirmir”.

Bunu Fransanın “Kernews” radiosuna müsahibəsində tarixçi, ADA Universitetinin müəllimi Maksim Quen deyib.

Onun sözlərinə görə, rəsmi Parisin etibarlı məlumat mənbələri yoxdur və onun ermənilərin Azərbaycanın Qarabağ bölgəsini tərk etməyə məcbur edilməsi ilə bağlı açıqlamalarının səhv olduğunu hətta ən kiçik faktlarla belə, sübut etmək olar.

O əlavə edib ki, Qarabağı tərk edən ermənilərin təhdid olunmasına və ya buranı tərk etməyə məcbur edilməsinə dair heç bir real, inandırıcı sübut yoxdur: “Əksinə, Azərbaycan hökuməti bir gündən də az davam edən lokal antiterror tədbirlərindən əvvəl də, sonra da onların qalması ilə bağlı çağırışlar edib. Əslində, bu tədbirlər separatçı qüvvələrə qarşı yönəlib. Odur ki, ermənilərin bu ərazini tərk etməsinə səbəb olacaq hadisə baş verməyib. Bunu ermənilərin açıqlamaları da göstərir”.

M.Quen azərbaycanlılarla ermənilərin qarşılıqlı hörmət və sülh şəraitində yaşaya bilmə ehtimalının yüksək olduğunu da vurğulayıb: “Bu mənada, Bakı və Gəncədə yaşayan 36 min erməniyə daha çox diqqət yetirilməlidir. Hesab edirəm ki, Azərbaycanda erməni icması yaratmaq və bu icmanın bir və ya bir neçə nümayəndəsini azad edilmiş ərazilərdə məsul vəzifələrə təyin etmək lazımdır. Bu məsələ Qarabağda qalan erməniləri həmin ərazini tərk etməməyə, gedənləri isə geri qayıtmağa təşviq edə bilər. Bundan başqa, etnik ermənilərin geri qayıtmasını təşviq etmək üçün artıq digər tədbirlər görülüb. O cümlədən fermerlərin yenidən Azərbaycan vətəndaşı olması üçün yardım və vergi güzəştləri təklif olunub. Amma çox güclü nifrət hissinə son qoymaq üçün Ermənistan tərəfinin əlavə səylərinə ehtiyac var. Xatırladaq ki, Ermənistandan vaxtilə etnik azərbaycanlılar qovulmuşdu”.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan əksəriyyəti Kremlə sıx bağlı olan ekstremistlər tərəfindən devrilmək qorxusu ilə yaşayır: “O, həyatına, hakimiyyətinə təhlükə yaratmadan sülh sazişini imzalamaqla bağlı məqama necə çatacağını düşünür”.

Bakı ilə Paris arasında münasibətlərdən bəhs edən tarixçi deyib ki, hazırda onlar arasında ciddi kommunikasiya problemi var və bunun həlli böyük səy tələb edir: “Fransa tərəfi yalnız özlərini təmsil edən və Ermənistan hökuməti ilə açıq münaqişədə olan ekstremist qruplara qulaq asmağı dayandırmalıdır”.

M.Quenin fikrincə, Bakı ilə Paris arasında münasibətlərdəki böhran Fransa hökumətinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, həmçinin Cənubi Qafqaz regionundakı vəziyyətə düzgün yanaşmaması səbəbindən yaranıb: “Fransa Ermənistanı Rusiya və İranın hərbi asılılığından çıxarmağa çalışır. Lakin fransız diplomatlar bəzi bəyanatları səsləndirməmişdən əvvəl nəzərdən keçirməlidir. Məsələn, Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistana səfəri zamanı rəsmi Parisin İrəvanı dəstəklədiyini və bu ölkəyə silah satacağını bildirib. Lakin o, Praqada olduğu kimi, Fransa və Ermənistanın ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında sülh tərəfdarı olduqlarını bildirsəydi, daha düzgün olardı. Əgər o, “sülh sazişi imzalanandan sonra biz Ermənistana Rusiyadan asılı olmaması üçün silah satmağa hazırıq” desəydi, bu, Bakıda heç kəsi şoka salmazdı”. (Report)

Oxşar xəbərlər