"Ötən gün region üçün növbəti tarixi hadisə reallaşdı. Azərbaycan və İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalandı. Bununla da İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılmasının rəsmi əsası qoyuldu". Tren İA-nın şərhində belə deyilir.
Şərhdə qeyd edilir ki, sənədə əsasən Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılacaq. Layihənin miqyası isə çox genişdir. Belə ki, Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə yerləşəcək.
İran və Azərbaycan ərazisində gün ərzində ən azı 1000 ədəd yük nəqliyyat vasitəsini qəbul edə biləcək dövlət sərhəd buraxılış məntəqəsi tikiləcək. Bununla da bütövlükdə regionun nəqliyyat-kommunikasiya mənzərəsi dəyişir, Azərbaycan İran və Türkiyəni birləşdirərək Avrasiyada avtomobil, dəmir yolu, elektrik enerjisi xətti və rəqəmsal bağlantıların daxil olduğu çoxtəyinatlı yeni dəhlizin əsasını qoyur.
Bu tarixi sənədin imzalanması göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi Zəngəzurun Naxçıvanla əlaqəsi istənilən halda reallaşmış olacaq.
Növbəti dəfə uduzan isə Ermənistan oldu. Ermənistan siyasi rəhbərliyinin yarıtmaz, qisasçı fəaliyyəti növbəti dəfə Ermənistanı genişmiqyaslı bir layihədən kənarda qoydu. Düzdür, erməni cəmiyyəti üçün bu ilk deyil, son 30 il ərzində Ermənistan regiondakı bütün iri layihələrdən kənarda qalıb. Lakin bu fürsət Ermənistan üçün son ümid yeri idi. Nəzərə alsaq ki, 30 il ərzində bütün beynəlxalq layihələrdən kənarda qalmış, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramış, iqtisadiyyatı tənəzzül içində olan bir ölkəyə kənar investisiyalar, regional və beynəlxalq layihələrə qoşulmaq hava-su kimi lazım idi.
Ermənistan isə bu tarixi fürsətdən istifadə edib, düşmənçiliyi bir kənara qoymaq əvəzinə ilyarım ərzində Zəngəzur dəhlizinin yaradılmasına əngəl törətdi. Ermənistan növbəti dəfə üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdı və etibarlı tərəfdaş ola bilməyəcəyini bütün dünyaya bir daha göstərdi.
Azərbaycanın təklif etdiyi bu şans Ermənistan rəhbərliyi tərəfindən yanlış "anlaşıldı". Ermənistan bu təklifi Azərbaycana təzyiq vasitəsi kimi istifadə edə biləcəyini düşündü və məsələni yubatmağa çalışdı. İndi isə Ermənistanın bu cəhdləri də uğursuzluğa düçar oldu. Prezident İlham Əliyevin növbəti gedişi Ermənistanı və havadarlarını mat elədi.
Ermənistan isə növbəti dəfə şansını itirərək mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qaldı. Erməni cəmiyyəti bu iqtisadi fürsətdən yararlanmamağın fəsadlarını növbəti illərdə ağrılı şəkildə hiss edəcək. Dünyada baş verən hadisələrin, böhranların fonunda yaxın gələcək Ermənistan üçün heç də parlaq görünmür. Erməni cəmiyyəti, Ermənistan siyasi rəhbərliyi bir daha əsaslı şəkildə düşünməlidir – buna dəyərdimi?