Bunu politoloq Azər Qarayev deyib.
"Donald Trampın qərarı təkcə maliyyə qənaəti məqsədi daşımır. Belə ki, ABŞ hökuməti və müxtəlif müstəqil araşdırmalar USAID-in bir sıra ölkələrdə qarışıq və bəzən qanunsuz fəaliyyətlərdə iştirak etdiyini ortaya qoymuşdu. Bu fəaliyyətlər arasında bioloji silah tədqiqatlarına yatırımlar, Əfqanıstanda narkotik istehsalının maliyyələşdirilməsi, seçkilərə müdaxilə və digər ciddi ittihamlar var. Hökumət səmərəliliyinin artırılması məqsədilə yaradılan "Department of Government Efficiency" (Doge) adlı qurumun rəhbəri, amerikalı milyarder İlon Mask da bu məsələdə Trampa tam dəstək verdi. O, USAID-i cinayətkar təşkilat adlandırdı və USAID-in fəaliyyəti ilə bağlı ciddi suallar qaldıraraq qurumun bağlanmasını qaçılmaz etdi", - o bildirib.
Onun sözlərinə görə, USAID-in fəaliyyəti ilə bağlı ən böyük qalmaqallardan biri bəzi ölkələrdə bioloji laboratoriyaların maliyyələşdirilməsi ilə bağlıdır.
"ABŞ-nin rəsmi mövqeyinə görə, bu laboratoriyalar “səhiyyə və elmi tədqiqat” məqsədilə yaradılıb. Lakin müəyyən məlumatlar göstərir ki, USAID bu laboratoriyalar vasitəsilə bioloji silah tədqiqatları aparan təşkilatlara maliyyə dəstəyi verib. Xüsusilə Şərqi Avropa və Asiyada yerləşən bəzi laboratoriyalar Rusiya və Çin tərəfindən ABŞ-nin gizli bioloji silah proqramlarının bir hissəsi kimi təqdim edilib. 2024-cü ildə yayılan bəzi sənədlər USAID-in bu laboratoriyaların maliyyələşdirilməsində iştirak etdiyini sübut edirdi. Eyni zamanda, bəzi mənbələrə görə, USAID-in Əfqanıstanda həyata keçirdiyi kənd təsərrüfatı layihələri və yatırımları narkotik tərkibli bitkilərin yetişdirilməsinə şərait yaradıb. Rəsmi olaraq, agentlik əkinçilərə alternativ iqtisadi imkanlar yaratmaq üçün yardım etdiyini iddia etsə də, faktiki olaraq bu yardım mexanizmi vasitəsilə heroin istehsalına dəstək verilib", - A.Qarayev bildirib.
Politoloq qeyd edib ki, Azərbaycanın mövqeyindən məsələrə baxsaq, USAID-in Cənubi Qafqazda, xüsusilə Ermənistan və Qarabağ separatçıları ilə bağlı fəaliyyətinə diqqət etmək lazımdır.
"Azərbaycan dəfələrlə USAID-in Ermənistan vasitəsilə Qarabağdakı separatçılara dolayısı ilə yardım etdiyini açıqlayıb. USAID-in rəsmi missiyası “inkişaf və humanitar yardım” olsa da, agentlik bu missiyanın arxasında bəzi siyasi məqsədləri də gizlədirdi.
USAID-in rəhbəri Samanta Pauer uzun illər erməni separatçıları ilə sıx əlaqədə olub və onlara mütəmadi maliyyə yardımı göstərib. Onun rəhbərliyi dövründə USAID-in Ermənistandakı fəaliyyətləri xüsusilə genişlənmiş, təşkilat Qarabağdakı separatçı rejimə dolayısı ilə dəstək vermişdi. Pauer müxtəlif proqramlar və qrantlar vasitəsilə separatçıların mövqelərini gücləndirməyə çalışıb, bu da USAID-in siyasi məqsədlərə xidmət edən bir qurum kimi fəaliyyət göstərdiyini sübut edir. Bu addımlar ABŞ-nin rəsmi siyasətinə və beynəlxalq hüquqa zidd olsa da, uzun müddət diqqətdən kənarda qalıb. Tramp administrasiyasının USAID-i bağlamaq qərarı, bu kimi qanunsuz fəaliyyətlərin dayandırılmasına yönəlmiş mühüm addımlardan biri oldu", - o bildirib.
A.Qarayev vurğulayıb ki, USAID-in adı, həmçinin, müxtəlif ölkələrdə seçkilərə müdaxilə ilə də hallanıb.
"Xüsusilə Latın Amerikası, Afrika və Şərqi Avropa ölkələrində agentliyin müxtəlif qeyri-hökumət təşkilatlarına dəstək verməklə hakimiyyətləri dəyişməyə çalışdığına dair iddialar var. Bu, Bayden administrasiyasının öz maraqlarına uyğun olmayan hökumətləri devirmək və ya zəiflətmək üçün istifadə etdiyi alətlərdən biri olub. Hazırkı administrasiya isə hesab edir ki, USAID-in bu cür fəaliyyətlərə cəlb edilməsi Amerikanın vergi ödəyicilərinin pullarının israfı və qeyri-demokratik yanaşmadır", - A.Qarayev qeyd edib. (Trend)