02.08.2025, 05:02
AZ EN
01.08.2025, 12:25 222

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı qarşısında böyük tarixi xidmət göstərərək problemi həll etdi

YAZILAR
  • "Varlığımız, qürur mənbəyimiz olan ana dilimizin tarixi minilliklərə gedib çıxsa da, heç vaxt xüsusi bir günü olmayıb. Yalnız  Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndər Heydər Əliyevin  “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanı ilə 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü millətimizin həyatına daxil olub".

Bu sözləri Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.

Dilimizin çətin yollardan keçdiyini vurğulayan M.Qasımlı bildirib ki, bu yolun səhifələrindən biri 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan  SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili  olması haqqında maddənin daxil edilməsidir. Bəs buna necə nail olunub? 

"Arxiv mənbələrində oxuduqlarımın pərdə arxası tərəflərini hadisənin iştirakçısı olan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Ramiz Məmmədzadə ilə təxminən 20 il əvvəl görüşüb aydınlaşdıraraq iri həcmli monoqrafiyamda yazmışam",- deyə Milli Məclisin sədr müavini  bildirib.

M.Qasımlı daha sonra əlavə edib ki, sovet dövründə müttəfiq adlandırılan respublikaların konstitusiya layihəsi bir qayda olaraq, Mərkəzdə hazırlanıb göndərilirdi. Ümumxalq müzakirəsi üçün dərc edilmiş Azərbaycan SSR Konstitusiyasının layihəsi də istisna deyildi: "Burada Azərbaycan SSR-in dövlət dili məsələsi yazılmamışdı. Digər respublikaların konstitusiya layihəsi də eyni cür idi. Moskva gerçək niyyətini ortaya qoymuşdu. Ancaq müttəfiq respublikalar necə reaksiya verəcəkdilər?

Layihə Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevdə və milli ziyalılarda narazılıq yaradır. Heydər Əliyev  Ramiz Məmmədzadəyə tapşırır ki, məsələni Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin müvafiq sahəyə baxan katibi ilə danışıb həll etsin. R. Məmmədzadə aldığı tapşırığa uyğun olaraq MK katibi ilə danışır. Cavabında bildirilir ki, bu məsələ onun səlahiyyətlərində deyildir, yalnız Sov. İKP MK-nın Baş katibi Leonid İliç Brejnev həll edə bilər. R. Məmmədzadə aldığı cavab haqqında Heydər Əliyevə məruzə edir.

Bu zaman Gürcüstanda da milli ziyalılar narazılıq edirdilər. Gürcüstan KP MK-nın birinci katibi Eduard Şevardnadze Heydər Əliyevə zəng edərək məsləhət istəyir. Azərbaycan rəhbəri ona lazımi tövsiyələrini verir.

Moskvada keçirilən müzakirədə çıxış edən Heydər Əliyev Konstitusiyada Azərbaycan SSR-in dövlət dilinin Azərbaycan dili olmasının yazılmasının vacibliyini söyləyir. Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Sov. İKP MK Siyasi Bürosunun üzvü Vladimir Şerbitskiy etiraz edərək deyir ki, bir dövlətimiz  vardır, bir dilimiz - rus dili vardır, hər bir respublika özü üçün dövlət dili yazsa, hansı vəziyyət yaranar? Heydər Əliyev ona cavab verir ki, siz böyük respublikasınız nəyi necə istəyirsinizsə elə də yaza bilərsiniz, bizim Konstitusiyamızda dövlət dilinin Azərbaycan dili olması yazılmalıdır. Sovet sistemi şəraitində belə fəaliyyətlərin ağır nəticələrinin ola biləcəyinə baxmayaraq, mövqeyindən geri çəkilməyən  Heydər Əliyev Sov. İKP MK-nın  Baş katibi Leonid Brejnevlə görüşüb məsələni uğurla həll edir. Layihədə yazılmamasına baxmayaraq, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Konstitusiya komissiyasının sədri, Ulu Öndər Heydər Əliyev dedi ki, 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

"Beləliklə, gücünü xalqdan alan, dil məsələsinin Azərbaycan xalqı üçün “qırmızı xətt” olduğunu Moskvaya başa salan, “nəbz yoxlamasını” boşa çıxaran Heydər Əliyev Azərbaycan xalqı qarşısında böyük tarixi xidmət göstərərək problemi həll etdi. Dövlət dili məsələsi Cənubi Qafqaz respublikalarının konstitusiyasında təsbit olundu.

Azərbaycan SSR-in 1978-ci ildə qəbul edilmiş son, müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş ilk konstitusiyalarında komissiyanın sədri olaraq dil məsələsində millətimizin arzularını gerçəkləşdirən Heydər Əliyev 2021-ci ildə belə bir günü dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların həyatına daxil etdi".

M.Qasımlı sonda onu da qeyd edib ki, bu tarixi prosesi araşdırarkən bir sual da yaranır: "V.Şerbitskiy əgər o vaxt Heydər Əliyevin yolu ilə getsəydi, indi Ukraynada şərait necə olardı?"

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər