08.09.2024, 05:38
AZ EN
08.07.2024, 16:39 305

İlyas Hüseynov: "Avropanın özündə də ictimai-siyasi və iqtisadi sabitlik bizim üçün çox önəmlidir"

YAZILAR
  • "Bu gün dünyada beynəlxalq hüquqda gedən qarmaqarışıqlıq, onun tapdalanması, ali dəyərlərinin çeynənilməsi xaosa, anarxiyaya, eləcə də müxtəlif ideyalara və çağırışlara səbəb olur. Bu baxımdan, məhz Avropa ölkələrinin bəzilərinə cərəyan edən hadisələr göstərir ki, alternativ fikirli partiyalar, alternativ ideyalar ortaya qoyan siyasi cərəyanlar uğur qazanır”.

Bunu politoloq İlyas Hüseynov mətbuata açıqlamasında deyib.

O, Avropada cərəyan edən son hadisələrdən, habelə bir sıra Avropa ölkəsində baş verən “yumşaq çevriliş”in pərdəarxası məqamlarından söz açıb və qeyd edib ki, bu siyasi axın əvvəl də mövcud idi və əvvəllər bu cür müxtəlif fikirlər irəli sürülürdü: “Lakin daha çox iqtisadi-sosial əsaslı, eyni zamanda, əhalinin rifah halının yüksəldilməsinə yönəlmiş müxtəlif yanaşmalar uğur qazanırdı ki, bu gün artıq bütün bunların əksi müşahidə olunur.

Bu baxımdan, görürük ki, radikal sağçılar və yaxud sol təmayüllü qüvvələr uğur qazanır. Fransa, Böyük Britaniyada cərəyan edən hadisələr, hakimiyyətlərin istefaları, parlamentlərin buraxılması, hakimiyyətdə olan qüvvələrin parlament çoxluğunu əldə etməməsi məhz bu baxımdandır”.

Siyasi şərhçinin fikrincə, Rusiya-Ukrayna müharibəsi Avropanın siyasi-iqtisadi sisteminə böyük zərbə vurub ki, bunun da nəticələri özünü seçki prosesində göstərdi: “Şübhəsiz ki, Avropada cərəyan edən hadisələri Azərbaycan da izləməli və bunun nəticələrini çıxarmalıdır. Çünki bizim üçün Avropa İttifaqı həm də əsas iqtisadi-ticari partnyordur və Azərbaycan özünün karbohidrogen ehtiyatlarını Avropa bazarına nəql edir. Avropanın özündə də ictimai-siyasi və iqtisadi sabitlik bizim üçün çox önəmlidir. Eyni zamanda, ölkəmizdə də sözügedən proseslərə ciddi şəkildə önəm verilir və bu, təhlil olunmaqdadır”,- deyə İ.Hüseynov vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər