Bunu Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.
O bildirib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Qarşılıqlı siyasi dialoq və mütəmadi səfərlər ölkələrimiz arasındakı əlaqələrin intensivliyini artırmaqla bərabər, onun yeni mərhələyə adlamasına möhkəm zəmin yaradır.
“Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan münasibətlər xüsusilə son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da dərinləşərək inkişaf edir. Təkcə onu demək kifayətdir ki, Prezident İlham Əliyev indiyədək Tacikistana altı dəfə səfər edib və axırıncı səfər 2023-cü ilin aprelində reallaşıb. Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Bütün bunlar ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir”, - deyə M.Abbaszadə vurğulayıb.
Deputat qeyd edib ki, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, parlament, humanitar, ticari-iqtisadi və digər sahələrdə münasibətlər də birləşdirir. İki ölkə arasında indiyədək ümumilikdə 70-dən çox sənədin imzalandığını diqqətə çatdıran M.Abbaszadə xatırladıb ki, dövlətimizin başçısının ötən il Tacikistana dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair 14 sənəd imzalanıb. Azərbaycan və Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə 2008-ci ildən fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiya işini uğurla davam etdirir. Komissiyanın sonuncu iclası 2023-cü il iyul ayında Bakıda keçirilib.
“Ölkələrimiz arasında siyasi, iqtisadi, parlament, mədəniyyət, ticari-iqtisadi sahədə əlaqələr mövcuddur. Azərbaycan və Tacikistan arasında münasibətlərin genişlənməsində parlament əlaqələrinin rolunu xüsusi qeyd etmək lazımdır. Milli Məclisdə Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur”, - deyə deputat qeyd edib.
O vurğulayıb ki, Qarabağ Zəfərindən sonra yeni reallıqlar və dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın nüfuzu artmaqdadır. Orta Dəhlizin əhəmiyyətini qeyd edən deputat bildirib: “Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmiz müasir nəqliyyat-logistika infrastrukturu yaratmağa nail olub. Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa və Asiya arasında əhəmiyyətli nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir”.
Hazırda Orta Dəhlizə marağın artmasının təsadüfi olmadığını diqqətə çatdıran M.Abbaszadə beynəlxalq nəqliyyat marşrutunun Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək, Türkiyə və Avropa ölkələrinə qədər uzandığını bildirib. Orta Dəhlizin Şərqdən Qərbə yükdaşımalarında son dərəcə əhəmiyyətli yol olduğunu qeyd edən deputat bu marşrutun ən vacib hissəsinin Zəngəzur dəhlizi olacağını deyib.
“Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq və əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək. iki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidentinin tacikistanlı həmkarı ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi, sənədlər imzalandı, mətbuata birgə açıqlama verildi. Dövlət başçılarının görüşləri zamanı müzakirə olunan məsələlər, imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək”, - deyə Mahir Abbaszadə bildirib. (AZƏRTAC)