29.03.2024, 15:27
AZ EN
21.04.2022, 18:00 823

Paşinyan iki od arasındadır

YAZILAR
  • Aprel ayının sonuncu 10 günlüyü də Ermənistanda qarşılıqlı ittihamlarla başlayıb. Baş nazir Nikol Paşinyanın öncə Brüsselə, sonra isə Rusiyaya səfəri Ermənistan kütləvi informasiya vasitələrində geniş müzakirə olunmaqdadır.

«Hraparak» qəzetinin baş redaktoru, Ermənistan parlamenti sədrinin qaynanası Armine Ohanyan rəhbərlik etdiyi qəzetin 21 aprel tarixli «Paşinyan iki od arasında» sərlövhəli təhlili məqaləsində göstərir ki, Baş nazirin Rusiya Federasiyasının prezidenti V.Putinin çağırışı ilə Moskvaya getməsi və orada müxtəlif sənədlərə imza atması Qərb mətbuatının tənqidi ilə üzləşib. Onlar yazırlar ki, artıq Paşinyana inanmaq və onunla iş görmək düzgün deyil. Çünki o, Qərblə Rusiya arasında vurnuxur və hələ də kimin yanında olacağını müəyyənləşdirməyib. A.Ohanyan Ermənistandakı mövcud durum barədə isə yazır ki, həm iqtidar, həm də müxalifət indiki reallığı dəyişdirmək iqtidarında deyil. Ona görə də mitinqlərin davam etdirilməsi üçün edilən çağırışların da heç bir əhəmiyyəti yoxdur.

Politoloq Suren Qulyan isə «Hraparak» TV-yə verdiyi müsahibədə bildirib ki, Paşinyan aprelin 13-də parlamentdəki çıxışında mövcud durum barədə hələ çox şeyi açıqlamadı. Onun dediklərindən qəzəblənib kütləvi aksiyaya başlayanların isə yəqin ki, dünyada gedən proseslərdən xəbəri yoxdur. Müxalifətin «Paşinyan «Artsax»ı Azər-baycana verir» kimi ifadələr işlətmələri yerisizdir. Unutmaq olmaz ki, «artsax»ın taleyi İrəvanda həll olunmur, Ankarada və Moskvada, nə çox isə Donbasda həll olunur. Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını bir az uzada bilər. «Unutmayaq ki, beynəlxalq siyasi gündəmdə «artsax» ön sırada deyil, o Azərbaycanın tərkib hissəsi kimi qəbul edilir» - deyə politoloq Suren Qulyan artıq 90-cı illərdəki gerçəkliyin mövcud olmadığını da vurğulayıb.

«Ədalət» fraksiyasının üzvü David Qalstyan isə müsahibəsində Ermənistan MXT-nın sabiq rəhbəri Artur Vanetsyanın çağırışı ilə meydana toplaşanların arasında vaxtilə yüksək vəzifə tutan insanların olmadığını bildirərək xüsusi vurğulayır ki, illər öncə sinəsinə döyüb, özünü «artsax»ın qəhrəmanı kimi təqdim edənlər, «artsax» kartı ilə var-dövlət toplayanlar indi kənarda qalıblar. Belə şəraitdə «artsax»da yaşayan sadə əhalini düşünməmək erməniliyə xidmət etmir.

Ermənistanın sabiq baş naziri Hrant Baqratyanın Paşinyana qarşı ədalətsiz mövqeyi 44 günlük müharibədən sonra keçirilmiş kütləvi iğtişaşlar zamanı olduğundan heç nə ilə fərqlənmir. O, deyib ki, Putin heç zaman Paşinyanla bu və ya digər məsələni müzakirə etmir. O, yalnız Paşinyana göstəriş verərək özünə sərf edən sənədlərə imza atmağa nail olur. Bununla bağlı sosial şəbəkə istifadəçisi S.Hovanesyan yazır ki, ölkənin birinci şəxsini bu və ya digər formada təhqir etmək düzgün deyil. Ermənistan kiçik dövlətdir. Vaxtilə bir çox dövlətlər tərəfindən dəstəklənib, amma «araba yerində frılanmır, indi reallıq­lar dəyişib və Ermənistan sözü eşidilməyən dövlətlər sırasındadır. Baş naziri deyil, onun siyasətini dəyişmək lazımdır ki, xalqla hakimiyyət arasında uçurum yaranmasın» - deyə S.Hovanesyan xüsusilə indiki dövrdə hakimiyyət dəyişikliyinin əlverişli olmadığını bildirib.

5-ci gündür ki, davam edən etiraz aksiyasının təşəbbüskarı Artur Vanesyan aprelin 21-də parlamentdə Ermənistan-Türkiyə münasibətləri barədə dinləmələrin keçirilməməsinin tərəfdarı olduğunu bildirib. O, deyib ki, türklər Ermənistanın «soyqırımı» iddiasından əl çəkməsini istəyirlər. Amma bu, milil mənafeyə uyğun deyil. Ermənistan Parlamentinin sözcüsü isə aprelin 21-də erməni-Türk münasibətləri barədə müzakirələrin keçirilməyəcəyini sırf texniki səbəblərlə izah edib, bunu əvəzinə aprelin 22-də Rusiya-Ermənistan münasibətlərinin müzakirə olunacağının gündəliyə salındığını bildirib.

Tanınmış müğənni, «Millətin səsi» partiyasının həmtəsisiçisi Mher Armen də Ermənistan müxalifətinin aksiyalarının gərəksiz olduğunu bildirib. O «Lurer.com» informasiya agentliyinə müsahibəsində vurğulayıb ki, parlament müxalifətini dəstəkləmir və onlara inanmır. İndiyədək heç bir səmərəli iş görməyən müxalifətin bundan sonra da müsbət iş görməyəcəyini bildirən M.Armen vurğulayıb ki, Paşinyan iqtidarı azərabycanlılarla sülh sazişi imzalamağa nail olacaqdır. Mü­xalifətçilərin şər qarışandan sonra evlərinə getdiyini, səhər isə yenidən geri qayıtdıqları vaxtadək Azadlıq meydanında sahibsiz itlərin dolaşdığını öz gözləri ilə gördüyünü deyən məşhur müğənni Ermənistanın mövcud acınacaqlı durumdan çıxması üçün sosial-iqtisadi islahatlar aparılmasını, müxalifətin də həmin işdə fəal iştirak etməsini arzuladığını bildirib.

Xatırladaq ki, Ermənistanda hər il aprelin 24-də saxta erməni soyqırımı abidəsi ziyarət edilir və bu il də belə olacağı gözləniləndir. Bu da gözləniləndir ki, Paşinyan iqtidarı 44 günlük müharibədən sonra xeyli vaxt davam edən kütləvi iğtişaşları ram etdiyi kimi populist müxalifətçiləri yenə də öz yerində oturdacaqdır.

Nəsib QARAMANLI

Oxşar xəbərlər