22.12.2024, 23:38
AZ EN
23.10.2023, 15:24 309

Fransanın şantaj və anti-Azərbaycan siyasəti heç vaxt öz nəticəsini verməyib, verməyəcək də...

YAZILAR
  • “Bakıda Fransanın neokolonializm siyasəti ilə bağlı keçirilən konfransın ən önəmli tərəflərindən biri ondan ibarətdir ki, Fransa anti-Azərbaycan mövqeyindən çıxış edərək bir sıra addımlar atmağa davam edir. Fransanın bu cür hərəkətləri özünü "demokratiyanın beşiyi" adlandırması ilə heç də üst-üstə düşmür. Çünki Fransanın XIX əsrin ortalarından başlayaraq XX əsrin 60-70-ci illərinə qədər yürütdüyü siyasət birbaşa kolonial və müstəmləkəçi siyasəti idi. Fransa Afrikada elə qətliamlar, elə cinayətlər törədib ki, onun izləri bu gün də açıq-aydın görünür”. Bunu siyasi şərhçi Samir Hümbətov özünün FB səhifəsində ifadə edib.

Politoloq bildirib ki, Fransa yeganə ölkədir ki, işğal etdiyi ərazidə xalqların azadlıq mücahidlərinin kəllə sümüklərini öz ölkəsinin muzeyində saxlayır. Yəni bu, kolonial və müstəmləkəçi siyasətin ən ifrat nümunəsidir: “Bu gün Fransa erməni lobbisinin əlində əsirə çevrilərək bütün mövqelərindən istifadə etməklə, guya Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda ermənilərə qarşı "etnik təmizləmə, soyqırımı və sair  cinayətlər törədir" kimi iddialar səsləndirir. 

Birincisi, Azərbaycan öz ərazisində heç bir formada etnik təmizləmə və yaxud soyqırımı və sair siyasəti yürütməyib, çünki ölkəmiz öz vətəndaşlarına hər zaman dəyər verib. Amma Fransa XX əsrin 50-60-cı illərində Əlcəzairdə 5 milyondan yuxarı insanın həyatına son qoyub, şəhərləri yer üzündən silib.

1994-cü ildə isə Ruandada 800 min insanı qətl edib. Son vaxtlara qədər Afrika dövlətlərindən külli miqdarda illik bac toplayan Fransa bu gün Nigerin uranından istifadə edərək özünə elektrik enerjisi istehsal edir. Bu gün baxmayaraq ki, dövlətlər müstəqilliklərini bərpa ediblər,  amma Fransa onlara hər vəchlə mane olmağa çalışır. Artıq yavaş-yavaş bəzi dövlətlər Fransanı ərazilərindən qovur, ordusunu öz torpaqlarından çıxarır. Fransanın neokolonial siyasəti nə köhnədir, nə yenidir. Ənənəvi davam edən bir siyasətdir. Yəni necə deyərlər, "köhnə hamam, yeni tas". Üzlər dəyişsə də, daxildəki xislət dəyişmir”.

 S.Hümbətov  daha sonra əlavə edib ki, Azərbaycanın bu məsələlərə toxunması isə əslində ondan xəbər verir ki, ölkəmiz hər bir dövlətə layiq olduğu münasibəti göstərir. Fransanın şantaj və anti-Azərbaycan siyasəti heç vaxt öz nəticəsini verməyib və bundan sonra da verməyəcək. Çünki Azərbaycanın atdığı addımlar doğrudur və beynəlxalq hüquqa əsaslanır: “Azərbaycan Prezidentinin Fransa ilə bağlı söylədiyi fikirlər tarixi faktlara söykənir. Yeni Kaledoniyada, Burkina-Fasoda, Korsikada xalqlar azadlıq istəyir. Əgər Fransa düşünürsə ki, Azərbaycan Qarabağda bir neçə min erməninin hüququnu pozur, əlbəttə, bu yalandır.  Çünki Azərbaycan etnik ermənilərə də öz vətəndaşı kimi yaşamaq hüququ verir, şərait yaradır. Fransa bütün bu hadisələrə "üç meymunu" oynayıb, görməzdən gəlirsə, bir də fikirləşməlidir ki, Korsika, Yeni Kaledoniya öz müstəqilliklərini istəyirlər, onlara niyə vermir? Yəni əgər başqasından nəsə tələb edirsənsə, bunu birinci özün etməlisən. Keçirilən konfrans əslində, Fransaya açıq mesajdır ki, öncə özünün etdiklərinə bax, öz kirli tarixinə bax, sonra başqasına hər hansı bir formada nəyisə sübut etməyə çalış, hələ o da baş tutacaqsa. O baxımdan, keçirilən konfrans Fransaya öz yerini göstərdi. Bundan sonra onun kolonial siyasətinin təsirinə məruz qalmış dövlətlər və xalqlar da ona qarşı birbaşa fikirlərini bildirəcək və Fransadan tamamilə uzaqlaşacaqlar”,- deyə politoloq vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər