Azərbaycanla Ermənistan arasında münaqişənin bitməsində bəzi qüvvələr maraqlı deyil. Həmin qüvvələr ərazidə öz təsirini saxlamaq üçün gərginliyin davam etməsində maraqlıdırlar. 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycan regionun inkişafı üçün Ermənistana sülh təklifləri ilə çağırış etdi. Ölkəmiz bu istiqamətdə müxtəlif platformalardakı danışıqlarda da iştirak edir. Çox təəssüflər olsun ki, Ermənistan dövləti Rusiyanın, İranın və Fransanın təsirinə düşərək təxribatlarını davam etdirir. Əsasən də Avropa İttifaqının və ABŞ-ın vasitəçiliyi ilə keçirilən sülh danışıqlarından əvvəl və ya sonra belə təxribatların sayı artır. Heç şübhəsiz ki, belə hallar digər vasitəçi və Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşmiş Rusiyanın təsiri ilə daha çox olur. Çünki Rusiya tərəflər arasında sülhün əldə ediləcəyi halda bölgədən getməli olacağını bilir. Elə ona görə də mütəmadi olaraq ərazidə atəşkəsin pozulmasına şərait yaradır və ya təşkil edir. Eyni zamanda, Rusiya 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməyərək qanunsuz erməni silahlı qüvvələrinin çıxarılmasını təmin etmir, əksinə olaraq onların orda qalması, silahlanması üçün imkanlar yaradır.
Bu fikirləri Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.
“Hansı qüvvənin təsiri ilə belə təxribatlara getməsindən asılı olmayaraq Ermənistan layiqli cavabını alır və alacaq. Əlbəttə, hər təxribatın qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən şücaətlə alınır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da keçirilən sülh danışıqlarından əvvəl Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidən yenidən ordumuza qarşı atəşin açılmasına cavab olaraq qanunsuz erməni hərbi birləşmələrinin beş üzvü məhv edildi. Bundan əvvəl keçirilmiş Fərrux və Sarıbaba əməliyyatları ilə də düşmən tərəfi ağır itkilər vermişdi.
Azərbaycan dövlətinin əldə etdiyi siyasi, iqtisadi və hərbi imkanları ilə qarşısına bu istiqamətdə qoyduğu bütün məqsədlərə çatacağı şübhəsizdir. Qələbədən sonra İranın, Fransanın, Rusiyanın və Ermənistanın təxribatlarına, regionda Azərbaycanın yaratdığı yeni siyasi şəraiti qəbul etmək istəmədiklərinə rəğmən, sülh müzakirələri Prezident İlham Əliyevin müəyyənləşdirdiyi şərtlər əsasında aparılır”, - deyə politoloq bildirib.
O əlavə edib ki, dövlətimiz 30 ildən sonra öz ərazi bütövlüyünü təmin edərək Azərbaycan – Ermənistan şərti sərhədində keçid məntəqəsi qurdu. Bu sərhəd-buraxılış məntəqəsi ölkəmizdə yaşayan ermənilərin Azərbaycana inteqrasiya və reinteqrasiya prosesini sürətləndirən amillərdəndir. Amma həmin məntəqə orada xidmət göstərən sərhədçimizin Ermənistan tərəfindən silahla vurulması nəticəsində fəaliyyətini dayandırdı. Azərbaycanın keçid məntəqəsində yaratdığı müasir, rahat şəraiti qiymətləndirməyərək, hərbi qulluqçumuzun vurulmasını görməzdən gələrək sərhəd-buraxılış məntəqəsinin bağlanmasını “blokada” kimi bağıran ermənipərəstlər, islamofoblar və “humanistlər” əslində maddi maraqlarının təmin olunması müqabilində terrorçulara dəstək verən korrupsionerlərdir.
Azərbaycan dövləti kimin nə deməsindən, hansı təşkilatın nə qərar verməsindən və Ermənistanın sülh müqaviləsi imzalamasından asılı olmayaraq ərazi bütövlüyünün və suverenliyinin təmin olunması məqsədilə bütün addımları atacaq. (AZƏRTAC)