Müdafiə Nazirliyindən bildirilir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi son günlərdə intensivləşib.
İyulun 24-ü Bakı-Füzuli marşrutu üzrə uçuş yerini itirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyarəsinə saat 10.49-dan, 11.16-dək, iyulun 25-i Budapeşt-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Çexiya Hava Yollarının C-680 tipli sərnişin təyyarəsinə saat 14.48-dən, 15.15-dən və iyulun 27-si Bakı-Qəbələ və əks istiqamətdə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə saat 14.08-dən 14-30-dək və 15.04-dən 15.26-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk noviqasiya sistemlərində fasilə yaranıb. Məqsəd isə Azərbaycanın sərnişin təyyarələrinin fəaliyyətinə maneəçilik törətmək, avioqəzalara və insan itkilərinə nail olmaqdır. Bütün bunların əsas səbəbi odur ki, Rusiya kontingenti üzərinə düşən öhdəlikləri, o cümlədən erməni silahlılarını tərksilah edərək ərazidən çıxarılması üzrə öhdəliklərini yerinə yetirmir. Sülhməramlılar bundan əlavə, ərazilərimizə müxtəlif təyinatlı radiolakasiya stansiyalarının və radioelektron mübarizə vasitələrinin gətirilməsinə şərait yaradıblar.
Hərbi ekspert Ədalət Verdiyev “Real” TV-yə məsələ ilə bağlı açıqlamasında bildirib ki, hər bu radiomaneə aşkarlandıqda Azərbaycan tərəfi rəsmi olaraq Rusiya kontingentini bu faktlarla bağlı məlumatlandırıb: “Lakin nə Rusiya müdafiə nazirliyinin rəsmi lülletenlərində bu barədə bir kəlmə yoxdu, nə rus kontingentinin komandanlığı bu radiomaneələrin aradan qaldırılması üçün nəinki tədbir görməyib, əksinə bu radiomaneələrin təsir coğrafiyası, fəaliyyət coğrafiyası daha da genişlənib. Bu isə bir daha ondan xəbər verir ki, rus kontingenti bu radiomaneələrin quraşdırılmasında, həyata keçirilməsində sanki bir tərəf kimi görünür və onlar bu problemləri aradan qaldırmırsa, bu problemlərin adını belə çəkmirsə, demək ki, bu işlərdə onların da bir ortaqlığı var. Bu radiomaneələr dediyimiz radioelektron mübarizə maşınları ilə həyata keçirilir. Bu qurğuların təbii ki, hava komponentinə də quraşdırılması mümkündür, amma indiki halda biz yerüstü radiomane komplekslərindən bəhs edirik”.
Ekspert daha sonra əlavə edib ki, Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində yerləşən erməni silahlılarının Azəərbaycanın mülki təyyarələrinə qarşı radiomaneələr yaratması, bu təyyarələrin idarəedilməsinin müvəqqəti olaraq itirilməsinə və sonda isə hətta aviasiya qəzalarına belə səbəb ola bilər.
Hazırladı: Tahirə AĞAMİRZƏ