Bunu politoloq Elxan Şahinoğlu açıqlamasında deyib.
Onun sözlərinə görə, Kremli Azərbaycan diasporalarının iki ölkə arasında əlaqələrin inkişafına töhfə verməsi, həmin ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərməsi maraqlandırmır: "Kremlin əsas məqsədi Rusiya hakimiyyətinə loyallıq və diaspora rəhbərlərinə verilən tapşırıqların yerinə yetirilməsini təmin etməkdir. Kreml bu tələbləri yerinə yetirməyəcək diaspora rəhbərlərini başqaları ilə əvəz edəcək. Kreml bu yolla soydaşlarımızı ana vətəndən qoparmağa və Rusiyada soydaşlarımız arasında Azərbaycanın siyasətinin tənqidçilərini artırmağa çalışacaq. Kremlin ikinci məqsədi soydaşlarımızın ana vətəndəki ailələrinə pul köçürmələrinə nəzarəti gücləndirmək olacaq.
Kremlin hələ ki, Azərbaycanla münasibətləri normallaşdırmaq fikri yoxdur, əksinə media ruporları vasitəsilə hədələyici açıqlamalarının sayını artırmaqla məşğuldur. Rusiyanın dövlət televiziya kanalının aparıcısı Solovyovun Azərbaycana qarşı artan təxribatçı açıqlamaları bunun sübutudur. Kreml rus filosof və politoloq Aleksandr Duqini də “hərəkətə” gətirib. Onun sözlərinə görə, Rusiyada yaşayan miqrantlar, o cümlədən soydaşlarımız Rusiya cəmiyyəti üçün “ən çox toksik” qruplar hesab edilə bilər. Onun fikrincə, Rusiyada qalmaq üçün yeganə yol assimilyasiya və ölkənin mədəni kodunu qəbul etməkdir. Nədir bu mədəni “kod?” Duqin Kremlin mirqantlardan loyallıq və Rusiyanın müdafiəsində iştirak tələbinə birini də əlavə edib: “Pravoslavlığı qəbul edin”. Politoloq vurğulayıb:
"Görəsən, Duqinin tələbi Rusiyada yaşayan 20 milyon müsəlmana da aiddirmi? Rusiyanın heç bir rəsmisi Duqinin təxribatçı açıqlamasını tənqid etmirsə, bunun xalqlar arasında nifaqa səbəb olacağını söyləmirsə, deməli, elə Kremldə oturanlar da belə düşünürlər".
Tahirə AĞAMİRZƏ