Erməni siyasətçi yenə qərəzli danışır
Ermənistanın Respublika Partiyasının fəalı Eduard Şahnazarov Türkiyə Pespublikasının prezidenti R.T.Ərdoğanın bu günlərdə 1915-ci ilin 24 aprel hadisələri ilə bağlı çıxışını şərh edərkən əsil erməni sifətini bir daha göstərib. Məlum olduğu kimi, R.T.Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün tarixçilərdən ibarət beynəlxalq komissiyanın yaradılmasının vacibliyini bildirmiş, osmanlı ermənilərinin soyqırımına məruz qalmadığını vurğulamışdı. E.Şahnazarov 24 aprel hadisələri ilə bağlı yaradılmış Abidə kompleksini ziyarət edərkən jurnalistlərin suallarını qeyri-obyektiv cavablandırıb. O, deyib ki, R.T.Ərdoğanın “osmanlı erməniləri” ifadəsəni işlətməsi düzgün deyil. “Hraparak” TV-nin əməkdaşının “Fransa, Amerika, Rusiya, İran ermənisi ifadəsi işlətdiyi halda niyə osmanlı ermənisi ifadəsinin əleyhinəsiniz?” sualını isə o, yenə də, ermənisayağı cavablandıraraq bildirib ki, osmanlılar ermənilərin vətənini zəbt etdiklərinə görə orada yaşayan ermənilərin milli mənsubiyyəti barədə danışarkən osmanlı ifadəsini işlətmək olmaz. Göründüyü kimi, o, öz düşmənçiliyini yeni uydurma fikirlərlə daha da möhkəmləndirmək istəyir.
Erməni zabit casusluqda suçlandırılır
Müxtəlif erməni saytlarında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin müxtəlif KİV-də yayılmış məlumatlarında bildirilir ki, 44 günlük müharibə zamanı orduda zabit kimi xidmət edən erməni 8000 dollar müqabilində əks tərəfə casusluq etmişdir. O, həm özü xidmət etdiyi hərbi hissənin, həm də əlaqəsi olduğu hərbi hissələrin döyüş texnikası, şəxsi heyəti, əməliyyat xəritələri, təchizat səviyyəsi barədə düşmənə mütəmadi məlumatlar ötürüb və erməni ordusunun məğlubiyyətə uğradılmasına şərait yaradıb.
Mənbəyə əsasən Ermənistanın MTX aparılmış əməliyyatlar zamanı onu da aşkarlayıb ki, həmin zabitin “köməkçi”ləri də olub və onların da aşkarlanması üçün təbbirlər davam edir.
Xatırladaq ki, Ermənistanın baş prokurorluğunun parlamentdə açıqladığına görə, Ermənistanda 800 nəfərin müharibə dövründə hərbi cinayətlərə yol verdiyi aşkarlanıb və onlara qarşı tədbirlər görülür.
Ermənilərin “anası” sevinir
Realiti Şou ulduzu Kim Kardaşyan erməni soydaşlarına müraciət edib. O, instaqram və facebook səhifəsində yazıb ki, bu gün 1915-ci il “erməni soyqırımı”ndan 107 il ötür. Gəlin, həlak olanların xatirəsinə ehtiram göstərək. Mən çox qürurluyam ki, Amerika erməni soyqırımını tanıyıb. Xatırladaq ki, aprelin 24-də ABŞ prezidenti Co Bayden öz çıxışında soyqırımı ifadəsini işlədib, hər il apreldə müvafiq tədbir keçirilməsini dəstəkləyib.
İcevandan İrəvana yola düşüblər
A.Vanesyanın bildirdiyinə görə, bir həftədir ki, etiraz aksiyası keçirən erməni müxalifəti artıq ikinci mərhələyə başlayıb. Müxalifətçilərin respublika sakinlərinə mütəmadi müraciətlərindən sonra baş nazir Paşinyanın anadan olduğu İcevan (Karvansara) rayonundan İrəvana qədər yürüş etmək qərara alınıb. “Hraparak” İA və “Lurer.com” aprelin 25-də saat 12-də yaydığı məlumata görə artıq müxalifətçilər İcevandan yola düşüblər.
Nikoldan imtina edənlər çoxalır
“2018-ci ildə S.Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması üçün “Serjdən imtina” şüarı altında minlərlə adam küçələrə axışmışdı və bu “imtina” öz bəhrəsini vermişdi”. 2003-2008-ci illərdə Lori vilayətində icma rəhbəri olan Arqam Poğosyan belə deyib.
O, Paşinyanın Azərbaycan və Türkiyə ilə bağlı siyasətinin erməni xalqının mənafeyinə uyğun olmadığını bildirərək onun istefasına nail olunması üçün “Nikoldan imtina et” şüarı ətrafında hərəkət etməyin vacibliyini vurğulayıb.
Müxalifətin aksiyasının davamlı və nəticəli olacağını bildirən A.Poğasyan, həm də Paşinyanın istefadan sonra məsuliyyətə cəlb olunmasını istəyir.
Seyran Ohanyan hara gedir?
Xocalı qatili S.Ohanyan mxalifətin aksiyalara başladığı ilk günlərdən “xalqın və dövlətin mövcudluğu naminə” fəaliyyətini daha da genişləndirib. Beynəlxalq hüquq qaydalarını tanımadığını bəyan edən bu hərbi cinayətkar Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması üçün götərilən səyləri “saxta gündəm” adlandırır, Paşinyan və komandasının istefa verənədək yoldaşları ilə birlikdə kəskin mübarizə aparacaqlarını bildirib. O, deyib: “Biz azsaylı xalqıq, əsrlərlə öz yaşayış hüquqlarımızı müdafiə etmişik, qələbə çalıb dövlət qurmuşuq”.
Ermənistan Parlamentində təmsil olunan “Hayastan” fraksiyasının rəhbəri kimi daim iqtidarı tənqid edən və xalqı itaətsizliyə çağıran bu qatil indi də ermənilərin döyüşmək əzminin yüksək olduğunu və müharibə başlayarsa, qalib gələcəklərini bildirir.
Fraksiya rəhbəri parlamentdəki deputat yoldaşlarının Ermənistanın və “artsax”ın gələcəyi naminə mandatdan imtina etmələrinin də vaxtının çatdığını bildirib. O, parlamentin iclasında hakimiyyəti növbəti dəfə kəskin tənqid edib və Ermənistanı yenidən “qələbə çalan güclü dövlətə” çevirəcəklərini bildirib.
“Putinsiz Ermənistan” hərəkatı başladı
Aprelin 25-də günorta Ermənistan gənclər birliyinin və tələbə gənclərin bir qrupu Komitas - Bağarşyan küçələrinin kəsişdiyi dördyol deyilən ərazidə yolu kəsərək, “Putinsiz Ermənistan”, “Nikol satqındır!” şüarları səsləndiriblər. Hadisə yerinə gələn polislər bir neçə nəfəri saxlayıb. İrəvanda əsas küçələrdə isə polis qüvvələri yerləşdirilib.
Hazırladı: Nəsib QARAMANLI