Fransada evsizlik problemi davamlı reallıqdır. Yüz minlərlə insan hələ də küçələrdə, təhlükəli şəraitdə yaşayır. Rəsmi rəqəmlər fərqlidir, lakin 2023-cü ildə Fransada 330 mindən çox evsizin olduğu təxmin edilir və bu rəqəm artmaqda davam edir. Evsizlərin çoxu qeydiyyata düşmək istəmir. Ona görə də dəqiq rəqəm söyləmək çətindir.
“Küçə ölümləri” (Les Morts de la rue) Assosiasiyasının evsizlərin ölümü ilə bağlı 12-ci illik siyahıyaalma hesabatında 2023-cü ildə 735 evsizin öldüyü göstərilib. Bildirilib ki, bu rəqəm 2022-ci ildə 638 olub. Assosiasiya bildirib ki, əvvəlki illərlə müqayisədə bu artım küçədə yaşayanların həyat şəraitinin pisləşdiyini əks etdirir.
Həmrəylik Aktorları Federasiyası prefektlər tərəfindən mənzillə bağlı qoyulan qanunsuz çeşidləmə meyarlarını pisləyib.
Assosiasiya küçələrdə yaşayan insanların kütləvi və erkən ölümündən narahatlığını ifadə edib. O, ümumi əhali ilə (79,9 yaş) müqayisədə evsizlərin (küçədə yaşayanların) orta ömür yaşının cəmi 48,8 il olduğunu vurğulayır. Qeyd edilir ki, həlak olan hər on nəfərdən təxminən doqquzu kişi və hər iki nəfərdən biri isə fransızdır. Ölümlər, ilk növbədə, küçədə (32 faiz hallarda) baş verir.
Assosiasiya hesab edir ki, evsiz və şəxsi yaşayış yeri olmayan insanların real ölümlərinin sayı altı dəfə çox ola bilər.
Qeyd edək ki, evsizlik problemi Fransa cəmiyyəti üçün əsas problem olaraq qalır. (AZƏRTAC)