19.10.2024, 00:21
AZ EN
26.04.2022, 16:30 704

Ermənilərin Bozqurd xofu, Paşinyanın can qorxusu...

XƏBƏRLƏR

Paşinyanın mühafizəsi gücləndirilib

«Fakt» qəzetinin 26 aprel tarixli sayında dərc olunmuş «Təhlükəsizlik xidməti gücləndirilib» sərlövhəli yazıda qeyd olunur ki, son 10 gündə respublikada davam edən etiraz aksiyaları hökuməti bir sıra tədbirlər ələ almağa vadar edib. Müxalifət liderlərinin kəskin çıxışlarından ehtiyatlanan hökumət üzvləri N.Paşinyanın qorunmasına xüsusi diqqət yetirirlər. Qəzet etibarlı mənbəyə istinadən qeyd edir ki, Baş nazir N.Paşinyanın gərgin durumda olması təkcə iş prosesində deyil, aprelin 24-də xatirə kompleksinə ziyarət zamanı da özünü büruzə verib. Ona görə də artıq Paşinyanın cangüdənlərinin sayı daha 15 nəfər artırılmışdır.

«Baş nazir həm də öz komandasından ehtiyatlanır», - deyə müəllif onu daim təhlükə gözlədiyini də vurğulayır.

 

«Vətəndaş müqaviləsi» zəifləyir

«Joğovurt» qəzetinin bu günkü sayında Ermənistan parlamentindəki «Vətəndaş müqaviləsi» fraksiyasının zəiflədiyinin açıq-aşkar göründüyü bildirilir. Qeyd olunur ki, «Vətəndaş müqaviləsi»nin üzvləri ötən ilki seçki ərəfəsi və seçki sonrası olaylarda yüksək fəallıq nümayiş etdirirdilər. Ermənistan parlamenti işə başladıqdan sonra isə onların müxtəlif məsələlərin müzakirəsində, müxalifətə dirəniş göstərilməsində fəallıqlarını hamı görürdü. «Hayastan» partiyasının sədri, milli təhlükəsizlik xidmətinin sabiq rəhbəri Artur Vanetsyanın Azadlıq meydanında çıxışından sonra etiraz aksiyasına gündən-günə daha çox adamın qoşulduğunu yazan qəzet vurğulayır ki, hərəkatın getdikcə güclənməsi Paşinyanın komandasında fikir ayrılıqlarının yaranmasına səbəb olub. Onlar belə düşünürlər ki, nə vaxtsa xalq qarşısında cavab verməli olacaqlar.

 

Polislərin sayı kifayət etməyəcək

Ermənistan polisinin sabiq rəisi Valeri Osipyan aprelin 25-də «Hraparak» qəzetinin əməkdaşına verdiyi müsahibəsində bildirib ki, etiraz aksiyaları yaxın vaxtlarda dayana bilməz. İnsanlar indi daha çox gəlirlər ki, milli birlik sayəsində qarşıda duran məqsədə nail olunsun. «Əminəm ki, yaxın günlərdə bu mübarizəyə daha çox insan çıxıcaq və küçələr etirazçılarla dolacaqdır. Polisin isə onları sakitləşdirməyə gücü çatmayacaq. Çünki polislərin sayı etirazçıların sayından qat-qat az olacaqdır», - deyə sabiq polis rəisi növbəti suala cavab olaraq onu da bildirib ki, 2018-ci ildə də polis əvvəlcə etirazçıları sakitləşdirməyə, onların evlərinə qayıtmalarına çalışırdı. Amma etiraz kütləvi xarakter daşıdıqda polislər öncə seyirçi mövqeyi tutdular, sonra isə xalqın tərəfinə keçdilər. «Məncə, indi də belə olacaq. Amma bir fərq də var: 2018-ci ildə inqilab baş verirdisə, indi vətənin taleyi sual altındadır. Ona görə də polis xalqa qarşı olmayacaq» - deyə o vurğulayıb.

 

Bozqurd işarəsi erməniləri vahimələndirib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Uruqvayda işgüzar səfərdə olarkən etiraz aksiyasına çıxan ermənilərin hay-küyünə gülümsəyərək Bozqurd işarəsi göstərməsi dünyanın bütün erməniləri arasında ajiotaj yaradıb. Bu olaya müxtəlif şərhlər verən erməni mətbuatının materiallarından aydın olur ki, ermənilər bu olaydan da siyasi şou məqsədilə istifadə etməyə çalışırlar. Aprelin 26-da «Hraparak» TV-də yayımlanmış videoçarxda göstərilir ki, Ermənistan parlamentinin AŞPA-dakı nümayəndəsi Vladimir Vartanyan çıxışının, demək olar ki, 90 faizindən çoxunu cənab Mövlud Çavuşoğlunun jestinə həsr edib. O, ermənisayağı saxtakarlıq edərək bildirib ki, Türkiyə rəsmisi həmin işarə ilə ermənilərə hədə-qorxu gəlib. Bozqurdun türkün azadlıq totemi olduğunu inkar edən erməni deputat həmin işarənin guya terrorçuluq, sui-qəsd simvolu olduğunu bildirərək əlavə edib ki, bu, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına xidmət etmir.

 

Tələbələr itaətsizlik göstərir

«Hraparak» TV-nin aprelin 26-da yayımladığı videoçarxda göstərilir ki, Ermənistan Gənclər İttifaqının tərkibindəki «Nikol Abalyan» tələbə birliyi etiraz aksiyalarında fəal iştirak edir. Həmin birliyin fəalları Ermənistan Dövlət Texniki Universitetinin həyətinə toplaşaraq «artsax»ın taleyi ilə bağlı narahat olduqlarını bildiriblər. Sarkis Bağdasaryan adlı tələbə bildirib ki, rəhbərliyin ciddi xəbərdarlıqlarına baxmayaraq aksiyanı dayandırmayacaqlar və buraya başqa universitetlərin tələbələri də gələcəklər. Polisin müdaxiləsindən sonra da universitetin həyətini boşaltmayan bir neçə tələbə saxlanılıb.

 

Solovyova kim sui-qəsd hazırlayıb?

Məlum olduğu kimi, Rusiya Federal Təhlükəsizlik Xidməti tanınmış teleaparıcı ermənipərəst Vladimir Solovyova qarşı sui-qəsd hazırlandığı barədə açıqlama vermişdi. Hər bir hadisəyə özlərinin dayaz düşüncələri ilə münasibət bildirən ermənilər bu dəfə də ənənələrindən əl çəkməyiblər. Belə ki, İrəvanın Azadlıq meydanında «Faktor» TV-yə aksiyalarla bağlı müsahibə verən müxalifətçi Edqar Minasyan V.Solovyova Ukrayna və Azərbaycanın sui-qəsd təşkil etmək istədiklərini bildirib.

İnandırıcı olmadığı qədər də gülməlidir!

 

Hazırladı: Nəsib QARAMANLI

Oxşar xəbərlər