22.12.2024, 18:34
AZ EN
25.04.2022, 08:25 482

Mərhum şair Saqif Zeynalın “Tanrı qədər yoxsan” kitabının təqdimatı olub

XƏBƏRLƏR
  • Aprelin 23-də Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində mərhum şair Saqif Zeynalın “Tanrı qədər yoxsan” kitabının təqdimatı olub. Laçın rayon mədəniyyət evində keçirilən tədbirdə kitabının redaktoru, yazıçı Şərif Ağayar, Bakı ədəbi mühitindən professor Cavanşir Yusifli, yazıçı-esseist Fəxri Uğurlu, “Ələk” ədəbi məclisinin üzvləri, Laçın və Kəlbəcər rayonundan olan ziyalılar, qələm adamları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirin aparıcısı və “Tanrı qədər yoxsan” kitabının redaktoru yazıçı Şərif Ağayar bildirib ki, 23 Aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günündə kitab təqdimatını təşkil etməkdə məqsəd gənc nəslin kitablardan və mütaliədən zövq almağa təşviq etməkdir.

Tədbirdə çıxış edənlər 2020-ci ilin oktyabrında gənc yaşında avtomobil qəzasında həyatını itirən şair Saqif Zeynalın yaradıcılığından, 1995-ci ildən UNESCO-nun çağırışı əsasında 100-dən çox ölkədə milyonlarla insanın iştirakı ilə qeyd edilən Dünya Kitab və Müəlliflik Hüququ Gününün əhəmiyyətindən danışıblar.

“Tanrı qədər yoxsan” kitabının redaktoru, yazıçı Şərif Ağayar müsahibəsində deyib: “Saqif Zeynal istedadlı qələm adamlarından idi. Təəssüf ki, biz onu faciəvi bir hadisə ilə itirdik. Ölümündən sonra onun son yazdığı şeirlərdən və əvvəlki kitabından seçmələrdən ibarət bir kitab ərsəyə gətirdik. Məqsədimiz bu kitabı Azərbaycan ədəbi mühitinə təqdim eləməkdir. Adətən dağ rayonlarından olan şairlərdə aşıq yaradıcılığı üstünlük təşkil edir. Ancaq Saqifin Laçın, Kəlbəcər ədəbi mühitindən həm də bir fərqi onun şeirlərinin daha çox modern ədəbiyyat nümunələri olmasıdır”.

Qeyd edək ki, “Tanrı qədər yoxsan” kitabı şair Saqif Zeynalın ölümündən sonra “El” nəşriyyatında çap olunub. Kitaba şairin son şeirləri daxil edilib. (AZƏRTAC)

Oxşar xəbərlər