18.04.2025, 09:07
AZ EN
05.11.2022, 13:54 514

EVİMİZ ŞUŞADADIR!

XƏBƏRLƏR

Əməkdar müəllim, fəxri mədəniyyət işçisi, professor, şair Elçin İsgəndərzadə 16 sentyabr 1964-cü ildə Şuşa şəhərində anadan olub. 1981-ci ildə Ağdam şəhər 6 saylı orta məktəbi qızıl medalla bitirib. 1986-cı ildə Azərbaycan Politexnik İnstitutunu (indiki AzTU) fərqlənmə diplomu ilə başa vurub. 1989-1992-ci illərdə Azərbaycan Texniki Universitetində aspiranturada təhsil alıb. Hazırda AzTU-da   kafedra müdiri vəzifəsində çalışır.
Elçin müəllimin uğurlarını saymaqla bitməz. Amma bütün bu uğurlar bir insan kimi Elçin müəllimi dəyişməyib. Necə deyərlər, o, uşaqla uşaq, böyüklə böyük kimi davranmağı yaxşı bacarır. Üzündə təbəssüm, qarabağlı ləhcəsi ilə elə şirin-şirin danışır ki, elə bilərsən Şuşada, Ağdamdasan... Bu onu göstərir ki, E.İsgəndərzadə 30 ilə yaxın Vətən həsrəti ilə yanıb tutuşsa da, qəlbindəki Qarabağla, Şuşayla, Ağdamla nəfəs alıb. Bu böyük Zəfər gününə inamla yaşayıb. Bu inam onu tərk etsəydi Elçin müəllim uğurları ilə nə qədər ucalsa da özünü qərib sanardı, arzuları, ümidləri bu qədər qanadlı olmazdı...

2020-ci il sentyabrın 27-də torpaqlarımızın yağı düşməndən azad edilməsi, onun Şuşayla, Ağdamla yenidən görüşməsi Elçin müəllimi sanki göyün yeddi qatına qaldırıb. Bu onun Şuşada çəkdirdiyi şəkillərdən də aydın görünür. Zəfər günü ərəfəsində E.İsgəndərzadənin bir neçə şeirini “Vətən səsi”nin oxucularına təqdim edirik. 

 

Zəfər bizim zəfərdi!

Qəhrəman şəhid zabitimiz Səid Nofəloğlunun ölümsüzlüyünə

 

Yadlar əyləyə bilməz,
Kəhər, bizim kəhərdi.
Özgələri götürməz
Yəhər, bizim yəhərdi.

Qaranlığı qaçılan,
İşıq kimi saçılan,
Ağ günlərə açılan,
Səhər, bizim səhərdi.

Orda bizi səsləyən,
Yolumuzu süsləyən,
Hər an bizi gözləyən
Şəhər, bizim şəhərdi.

İgid oğullar ilə,
Neçə uğurlar ilə,
Yayılsın eldən-elə
Zəfər, bizim zəfərdi!

 

Vətən

 

Nəğmə də bitir,

şeir də,

yol da...

Hələ arzular da -

bircə sən,

bircə sən

bitmirsən,

Vətən!

 

Şükranlıq türküsü

 

İllərin həsrətini yerə vurdu bu görüş,

Uzanan yad əlləri elə qırdı bu görüş,

Qaranlığın bağrını yardı, yardı bu görüş,

Şükür, bizi bizlərə qovuşdurana şükür!

Başımızdan dərdləri sovuşdurana şükür!

 

Harda isə gümanlar gümana düşüb getdi,

Çin çıxmayan yuxular dumana düşüb getdi,

Şuşasız zamanımız zamana düşüb getdi,

Şükür, bizi zamanla barışdırana şükür!

Şükür, bizi Şuşaya qovuşdurana şükür!

 

Bir tərəfdən gün çıxdı, bir tərəfdən ay doğdu,

Payızların içindən bahar doğdu, yay doğdu,

Başımızın üstündə mutlu, mavi göy doğdu,

Şükür, bizi bu göyə yaraşdırana şükür!

Şükür, bizi Şuşaya qovuşdurana şükür!

 

Ha tərəfə yön aldıq, yönümüz çiçəklədi,

Səsimiz qönçə tutdu, ünümüz çiçəklədi,

Sabahın gətirdiyi günümüz çiçəklədi,

Şükür,  bizi bizlərə qovuşdurana şükür!

Ayrılığı Şuşadan sovuşdurana şükür!

 

Evimizə gedirəm

Akif Səmədə

 

Ürəyim elə atır,

Evimizə gedirəm.

İlahi, nə mutluluq,

Bu gün bizə gedirəm.

 

Qollarım qoşa qanad,

Uçacağam yolları.

Yaralarıma təpib

Qucacağam yolları.

 

Bənövşə qoxusunun

İçindən keçəcəyəm.

Məni məndə gizlədən

Elçindən keçəcəyəm.

 

Bu ayrılıq, bu həsrət

Şükür ki, başa çatır.

Evimizə gedirəm,

Evimiz Şuşadadır.

 

Cıdır düzündən etüd

 

Cıdır düzünə düşən axşamların
aydınlığında qeyb oluram...
Qollarımı yana açıb ən gözəl uçuşunu
yaşamaq istəyirəm
geriyə qalan ömrün.

Bu uçuş bitsin, istəmirəm,
bu aydınlıq qaralsın, istəmirəm.

Bütün tərk edilmiş evlərin sevincini
yaşamaq istəyi var ruhumda, canımda.

Bütün qaranlıq yolları işıqla doldurmaq 
həvəsim var,
bütün qırıq yolları bir-birinə 
bağlamağım gəlir,
yenidən, yenidən qollarımı yana açıram,
uçuram, uçuram, -
unutmamaq üçün,
xatırlamaq üçün,
yaşamaq üçün.

 

Hazırladı: Mina RƏŞİD

 

 

 

 

 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR