18.02.2026, 14:54
AZ EN
18.02.2026, 12:48 106

Əməkdar artist Osman Hacıbəyovun doğum günüdür

XƏBƏRLƏR
  • Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının tarixində silinməz izlər qoymuş sənətkarlardan biri də Əməkdar artist Osman Hacıbəyovdur. Hələ tələbəlik illərindən peşəkar səhnəyə addım atan aktyor, yaradıcılığı boyu onlarla yadda qalan obraz yaratmışdır. Teatr sənətinin inkişafındakı xidmətlərinə görə yüksək fəxri adlara layiq görülən sənətkarın geniş yaradıcılıq diapazonu və peşəkar imkanları onu öz dövrünün ən sevilən aktyorlarından birinə çevirmişdi.

Əməkdar artist Osman İsmayıl oğlu Hacıbəyov 1924-cü ildə fevralın 18-də Şuşada, ziyalı ailəsində anadan olub.

Orta məktəbin yeddinci sinifini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Teatr məktəbində oxuduğu ilk dövrdən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılan tamaşaların kütləvi səhnələrində çıxış edib. 1942-ci ildə təhsilini bitirəndə onu təyinatla GTT-yə aktyor göndəriblər. Gənc Tamaşaçılar Teatrının 50 illiyi ilə əlaqədar və milli teatr sənətinin inkişafında xidmətinə görə Osman Hacıbəyova 25 dekabr 1969-cu ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adı verilib.

Peşəkar imkanlarının genişliyindən məharətlə istifadə edən aktyor Osman Hacıbəyov müxtəlif xarakterli, hətta psixoloji cəhətdən ziddiyyətli rollarda çıxış edib. Komik rollarda ölçü hissini məharətlə qoruya bilib, oyunundakı güclü komizm və improvizasiya bacarığı onun ifasına əlvanlıq gətirib.

Qeyd edək ki, Osman Hacıbəyov El oğlu, Ayaz (“El oğlu” və “Ana”), Əşrəf və Qıdı kirvə (“Hacı Qəmbər”), Yaşar (“Yaşar”), Elşən (“Məlik Məmməd”), Protey (“İki veronalı”), İmran, Nəsrəddin (“Anacan” və “Nəsrəddin”), Bəxtiyar (“Komsomol poeması”), Fərhad (“Bəxtsiz cavan”), Florindo Aritun (“İki ağanın bir nökəri”), Şamdan bəy (“Şamdan bəy”), Şirinbala (“Şirinbala bal yığır”), Tarverdi (“Xırs quldurbasan”), Polkovnik Ferrari (“Ovod”) və başqa rolları ilə sənət tariximizdə iz qoyub.

Aktyor 1979-cu il iyunun 14-də Bakıda vəfat edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər