Sevginin ən gözəl hədiyyəsi kitabdır!
Kitab bir nəslin digər nəslə qoyub getdiyi ən qiymətli mənəvi mirasdır. Bir kitab bəzən bir qərarı dəyişir, bir düşüncəni formalaşdırır, bir taleyə istiqamət verir. Kitabı paylaşmaq isə oxumaqdan daha dərin təsir yaradır - yeni oxucuların dünyagörüşünə işıq tutur, insanları ortaq dəyərlər və düşüncələr ətrafında birləşdirir.
14 fevral tarixi kitab oxumağın və paylaşmağın insanları birləşdirən gücünü vurğulayır, bilik və mütaliəyə sevgini təşviq edir.
Beynəlxalq Kitab Bağışlama Günü (“International Book Giving Day”) ilk dəfə 2012-ci ildə ABŞ-da kitabsevərlər tərəfindən qeyd olunub. Təşəbbüsün müəllifi məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmurdur. Maraqlıdır ki, ideya ona balaca oğlunun sadə, amma düşündürücü sualından sonra yaranıb: niyə insanların bir-birinə kitab bağışladığı xüsusi bir gün yoxdur?
2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan Britaniyaya, Hindistandan Yeni Zelandiyaya qədər müxtəlif ölkələrdən olan blogerlər bu çağırışa qoşularaq günü “Uşaqlara Kitab Bağışlama Günü” kimi qeyd etməyə dəvət ediblər. Qısa zamanda təşəbbüs geniş yayılıb və 14 fevral dünyanın bir çox ölkəsində kitab sevgisini paylaşmaq üçün xüsusi tarixə çevrilib.
Bu gün hər kəs üçün sadə, amma mənalı bir çağırışdır: sevdiklərinizə və ya ehtiyacı olanlara kitab hədiyyə edin, bilik və hekayələri paylaşın. Çünki hər bir kitab yalnız bir oxucuya deyil, cəmiyyətə də işıq saçır, insanları yaxınlaşdırır və gələcək nəsillərə mədəni sərvət kimi ötürülür. (AZƏRTAC)