Sərginin əsas ideyası xalça ornamentləri vasitəsilə minilliklərdən süzülüb gələn yaddaşı XXI əsrin estetik duyumu ilə birləşdirməkdir. Rəssam bu ideyanı həm kompozisiya baxımından, həm də rəng və forma vasitəsilə uğurla reallaşdırır. Qarabağ atlarının güc və hərəkət dinamikası xalça naxışlarının strukturlaşdırılmış ritmi ilə vəhdət təşkil edir, nəticədə həm poetik, həm də simvolik gücə malik əsərlər yaranır.
Sərgidə xüsusi diqqət çəkən digər bir məqam isə qadın portretləridir. Burada qadın obrazı təkcə estetik element deyil, həm də keçmişlə əlaqə, ruhun dərin qatları və müasirlikdə qadının özünü ifadəsi kimi təqdim olunur. Xalça motivləri bu obrazların üzərində köklü mənalar formalaşdırır, onları zaman və məkan anlayışlarından daha geniş bir kontekstdə təqdim edir.
Tahirə AĞAMİRZƏ