Tədbirdə Milli Məclisin deputatları, tanınmış ziyalılar, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova çıxışında tədbirin Qərbi Azərbaycanın ruhunu və Aşıq Ələsgərin zəngin yaradıcılıq irsini əks etdirdiyini vurğulayıb.
ADPU-nun rektoru professor Cəfər Cəfərov Aşıq Ələsgərin yaradıcılığını yalnız poeziya deyil, milli yaddaşın mühüm daşıyıcısı kimi qiymətləndirib. O bildirib ki, universitet olaraq milli irsə, xüsusilə də aşıq sənətinə bağlılıq təhsil prosesində ardıcıl şəkildə davam etdirilir.
Beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova öz çıxışında Aşıq Ələsgərin yalnız böyük söz ustadı deyil, eyni zamanda, Qərbi Azərbaycanın dərdini, sevincini və torpaq həsrətini sazı və sözü ilə bir millətin ruhuna hopduran milli kimlik rəmzi olduğunu vurğulayıb. O qeyd edib ki, XIX əsr Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən olan Aşıq Ələsgər təkcə bölgənin deyil, bütövlükdə Azərbaycan xalq ədəbiyyatının unudulmaz söz ustadlarındandır. Onun qoşmaları, gəraylıları və təcnisləri xalqımızın fəlsəfi dünyagörüşünü, ictimai-sosial düşüncəsini və həyat tərzini bədii dillə ifadə edir. Aşıq Ələsgərin zəngin poetik irsi milli-mənəvi dəyərlərimizin daşıyıcısı və aşıq sənətinin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Onun yaradıcılığı milli mənlik şüurunun formalaşmasında və qorunmasında əvəzsiz rola malikdir.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli vurğulayıb ki, Aşıq Ələsgərin yaradıcılığı, xalqımızın mənəvi dəyərlərini, ana dilinə olan sevgisini və milli təfəkkürünü dolğun şəkildə əks etdirir: “Onun şeirləri və dastanları xalqın ruhunu əks etdirərək tariximizə və yaddaşımıza silinməz izlər buraxıb. Nəticə etibarilə Aşıq Ələsgər kimi sənətkarların sənəti Azərbaycanın milli kimliyini və mədəni zənginliyini daha da gücləndirərək xalq yaddaşında əbədi yerini alıb”.
Ə.Ələkbərli xüsusilə qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən imzalanan Sərəncamla Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması yalnız bir yubiley tədbiri deyil, həm də tarixi ədalətin bərpasında mühüm rol oynayan bir amildir: “Prezidentimizin imzaladığı ilk sənədlərdən biri Aşıq Ələsgərin yubileyi ilə bağlıdır. Bu, təsadüfi deyil. Biz bu gün Bakı şəhərində Aşıq Ələsgərin adını yaşadırıq. Bu, zamanında onun abidəsini dağıdanlara bir cavabdır. Biz dədə-baba torpaqlarımızda, Göyçə mahalında onun izini yaşatmaqla həm də milli kimliyimizi qoruyuruq”. O diqqətə çatdırıb ki, Aşıq Ələsgərin irsi təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda – tarixən Azərbaycan torpağı olmuş bölgələrdə də böyük ehtiramla qarşılanır: “Bu da göstərir ki, aşıq sənəti və xalq yaradıcılığı ümummilli dəyər kimi daim yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir. Aşıq Ələsgər irsi Azərbaycanın milli-mədəni gücünün təməl daşlarındandır”.
Tədbirdə Ədəbiyyat kafedrasının professoru Mahmud Allahmanlı “Aşıq Ələsgər lirikasının ideya və məzmun xüsusiyyətləri”, dosent Qüdrət Umudov isə “Aşıq Ələsgər irsinin nəşri və tədqiqi tarixindən” mövzularında məruzələrlə çıxış ediblər.
Milli Məclisin deputatı Qaya Məmmədov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, “Dədə Ələsgər” İctimai Birliyinin sədri Xətai Ələsgərli çıxışlarında Aşıq Ələsgərin yalnız bir sənətkar deyil, milli ruhun və azərbaycançılıq düşüncəsinin canlı daşıyıcısı olduğunu xüsusi vurğulayıblar.
Tədbirin bədii hissəsində ADPU-nun hazırlıq kurslarında təhsil alan əcnəbi tələbələr professor Mahirə Nağıqızının “Mənim çəkmələrim” hekayəsini səsləndirib, milli rəqslər və Aşıq Ələsgərə həsr olunmuş poetik nümunələr nümayiş etdirilib.
Tahirə AĞAMİRZƏ