Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova ipək yaylıqlar üzərində çəkdiyi rəsm əsərlərində Qarabağ bölgəsindən olan 22 görkəmli şəxsiyyətin portretinin əks olunduğunu söyləyib. Bildirib ki, bu əsərlər vasitəsilə onların doğulduğu məkan, həyat və yaradıcılıqları haqqında məlumatlarla tanış olmaq mümkündür.
Sərginin açılışından sonra Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış, XIX əsr Azərbaycanın görkəmli qadın şairi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvana həsr olunmuş “Şuşanın tək incisi” adlı sənədli film nümayiş olunub. Fondun dəstəyi ilə ərsəyə gəlmiş ekran işi 2023-cü ildə Natəvanın 190 illiyinin qeyd olunması və Şuşanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi ilə əlaqədar hazırlanmış, dünyanın müxtəlif ölkələrində nümayiş olunmuşdur. Filmin ideya müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti Günay Əfəndiyeva, ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Zəhra Quliyevadır.
Hazırladı: Mina RƏŞİD