02.03.2026, 11:57
AZ EN
02.03.2026, 10:12 46

Prezidentin sərəncamı rəqəmsal mühitdə uşaqların rifahına xidmət edir

YAZILAR
  • Müasir dövrdə texnologiyanın sürətli inkişafı həyat tərzimizi köklü şəkildə dəyişib. Rəqəmsal platformalar artıq sadəcə informasiya məkanı deyil, eyni zamanda düşüncələrin formalaşdığı, davranış modellərinin yarandığı və dəyərlərin istiqamətləndirildiyi bir mühitə çevrilib. Bu reallıq xüsusilə uşaqlar və yeniyetmələr üçün daha həssas xarakter daşıyır. Çünki onların dünyagörüşü, psixoloji inkişafı və sosial davranışları məhz bu rəqəmsal təsirlərin fonunda formalaşır.

Məhz bu baxımdan rəqəmsal təhlükəsizlik məsələsi cəmiyyət üçün prioritet mövzuya çevrilib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, son dövrlər rəqəmsal mühit həyatımızın ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələr artıq sadəcə ünsiyyət vasitəsi deyil – burada düşüncələr formalaşır, təsirlər yaranır, dəyərlər dəyişir. Xüsusilə uşaqların və yeniyetmələrin bu mühitə çox erkən yaşda daxil olması məsələyə daha ciddi yanaşma tələb edir.

Deputat hesab edir ki, uşaqların rəqəmsal təhlükəsizliyi artıq seçim deyil, zərurətdir: "Çünki internet mühiti həm imkanlar yaradır, həm də risklər daşıyır. Bir tərəfdən uşaqlar informasiya əldə edir, öz bacarıqlarını inkişaf etdirir, digər tərəfdən isə zərərli məzmun, psixoloji təzyiq və müxtəlif manipulyativ təsirlərlə qarşılaşa bilirlər. Bu reallığı görməzdən gəlmək olmaz".

Millət vəkilinin sözlərinə görə, dünyada bir çox ölkə artıq bu istiqamətdə konkret addımlar atır. Yaş məhdudiyyətləri, məlumatların qorunması, valideyn nəzarət alətləri və platformaların məsuliyyətinin artırılması məsələləri geniş müzakirə və tətbiq olunur. Azərbaycanın da bu prosesə qoşulması və sistemli yanaşma sərgiləməsi təqdirəlayiqdir.

Burada əsas məsələ yalnız məhdudiyyət qoymaq deyil. Əsas məqsəd uşaqları rəqəmsal mühitdən uzaqlaşdırmaq yox, onları bu mühitdə təhlükəsiz və məsuliyyətli şəkildə davranmağa hazırlamaqdır. Ona görə də təhsil proqramlarında rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzularının yer alması çox vacibdir. Uşaq bilməlidir ki, hansı məlumatı paylaşmaq olar, hansını yox, hansı xəbərə inanmaq lazımdır, hansına yox.

C.Məmmədov vurğulayıb ki, məktəblərdə mobil telefon istifadəsi ilə bağlı qaydaların müəyyənləşdirilməsi də balans tələb edən məsələdir: "Texnologiya düzgün istifadə olunanda faydalıdır, amma nəzarətsiz qalanda diqqət yayındırır və asılılıq yarada bilir. Ona görə də həm nizam-intizam, həm də təhlükəsizlik qorunmalıdır.

Valideynlərin rolu burada xüsusi əhəmiyyət daşıyır. Uşağın əlindən telefonu almaq asandır, amma onunla danışmaq, izah etmək və doğru istiqamət göstərmək daha vacibdir. Rəqəmsal mühitdə sağlam davranış ailədən başlayır".

Deputat sonda onu da qeyd edib ki, uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Prezident  İlham Əliyevin imzaladığı Sərəncam bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Sənəd özündə bir çox olduqca mühüm məsələləri ehtiva edir:

"Heç şübhəsiz ki, bu sahədə atılan addımlar gələcək nəsillərin daha sağlam, daha düşüncəli və daha məsuliyyətli formalaşmasına xidmət edəcək. Uşaqlarımızın təhlükəsizliyi və rifahı hər birimizin ortaq məsuliyyətidir və bu istiqamətdə ardıcıl siyasət aparılması cəmiyyətimizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər