Tarix və mədəniyyət abidələrinin xarici qüvvələrin dağıdıcı təsirindən qorunmasını tənzimləyən qaydalar ideyası rəssam və filosof Nikolas Rerix tərəfindən yaradılıb. 20-ci əsrin lap əvvəllərində, müharibələr və ərazilərin yenidən bölüşdürülməsi dövründə milli antik dövr abidələrini öyrənərkən onların qorunmasının nə qədər vacib olduğunu başa düşən rəssam 1914-cü ildə Rusiya hökumətinə və digər hökumətlərə müraciət edir. Lakin sonradan bu müraciət cavabsız qalır. 1929-cu ildə o, müxtəlif ölkələrin hökumətlərə və xalqlara mədəni irsin qorunmasının hərbi zərurətdən üstünlüyünü təsdiq edən beynəlxalq müqavilənin təkmil formada işlənmiş layihəsi ilə müraciət edir. Onu bu işdə Albert Eynşteyn, Bernard Şou, Herbert Uells, Tomas Mann və o dövrün digər bir çox tanınmış mədəniyyət və elm xadimləri dəstəkləyirdi.
Bundan sonra N.Rerix Pakt üzərində işləməyə davam edir. Daha sonra 1931-ci ildə Belçikada keçirilən Rerix Paktı I Beynəlxalq Konfransı zamanı o, Ümumdünya Mədəniyyət Gününün təqdim edilməsini təklif edir. Və 1935-ci il aprelin 15-də Vaşinqtonda, Ağ Evdə 21 dövlətin başçıları Yer kürəsinin tarixində onun yaradıcısının adını daşıyan “Bədii və elmi müəssisələrin və tarixi abidələrin mühafizəsi haqqında” ilk beynəlxalq müqaviləni imzalayırlar. Bu razılaşma da məhz onun adını daşıyır və “Rerix Paktı” adlandırılır.
1998-ci ildə Beynəlxalq Reriklər Mərkəzi tərəfindən iki il əvvəl təsis edilmiş Mədəniyyətin Müdafiəsi üzrə Beynəlxalq Liqa Paktın imzalanma tarixini Beynəlxalq Mədəniyyət Günü kimi qeyd etmək təşəbbüsü ilə çıxış edir. Bu, fəaliyyəti mədəniyyət, incəsənət, elm və dinin nailiyyətlərinin qorunmasına və artırılmasına yönəlmiş ictimai təşkilatdır. Nəhayət, 2008-ci ildə Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya, Litvada ictimai təşkilatların təşəbbüsü ilə 15 aprelin Sülh Bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi qeyd olunması üçün Beynəlxalq Hərəkat yaradılır.
Hazırda dünyanın müxtəlif ölkələrində və şəhərlərində bu bayram qeyd olunur. Həmin gündə konfranslar və mühazirələr, sərgilər və konsertlər, şeir gecələri, rəqs və teatr tamaşaları keçirilir.
Hazırladı: Mina RƏŞİD