14.09.2025, 19:17
AZ EN
14.09.2025, 16:00 80

Sərdar Ünsal: Ermənistan hakimiyyəti İrəvanın Göy məscidində namaz qılınmasına icazə verməlidir

XƏBƏRLƏR
  • Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədr müavini Sərdar Ünsal İrəvanın tarixi Göy məscidində müsəlmanların namaz qılmaq hüququndan danışıb.

S.Ünsal hələ 2014-cü ildə 14 qeyri-hökumət təşkilatının BMT-nin Ankaradakı ofisi vasitəsilə müvafiq müraciət göndərdiyini və Ermənistan hakimiyyəti tərəfindən rədd cavabı aldığını xatırladıb.

“Bizim bu məsələ ilə bağlı müraciətlərimiz əvvəllər erməni tərəfinin rədd cavabı ilə rastlaşırdı. Lakin regionda münasibətlərin normallaşması istiqamətində müsbət addımlar fonunda Ermənistan hakimiyyətinin öz mövqeyinə yenidən baxacağını gözləyirik”, - deyə federasiya rəhbərinin müavini bildirib.

O, bununla bağlı Vanda Akdamar adasındakı kilsədə ermənilərin icra etdikləri ənənəvi liturgiyalara diqqət çəkib. “Türkiyə hakimiyyəti illərdir Akdamar adasında liturgiyaların icrasına icazə almaq məqsədilə müxtəlif kampaniyalar təşkil edən ermənilərin ehtiyaclarını qarşılayıb. Biz azərbaycanlıların dini hüquqlarına və türk-islam irsinə Ermənistan hakimiyyəti tərəfindən də eyni hörmət gözləyirik”, - deyə Sərdar Ünsal qeyd edib.

Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən olan müsəlmanların İrəvanın Göy məscidində bayram və ya cümə namazlarını qılmaq hüququ olmalıdır.

“Türkiyə və bir çox digər ölkələrin televiziya kanalları ənənəvi olaraq müsəlmanlar üçün əlamətdar günlərdə məscidlərdən canlı yayımlar aparır. Biz İrəvandan oxşar yayım hüququ əldə edəcəyikmi? Əgər Ermənistan hakimiyyətinin həqiqətən də xoş niyyəti varsa, Göy məsciddə namaz qılmağa icazə verməlidir”, - deyə TADDEF nümayəndəsi əminliklə bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər