"Vətən səsi" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov "Trend"ə müsahibəsində deyib. O qeyd edib ki, Qarabağda 8 peşə təhsili müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulur: "Hazırda Füzuli şəhərində 850 nəfərlik tələbə tutumu olan müəssisə tikilir. Eyni zamanda, Qubadlı, Zəngilan, Ağdam və Şuşada müəssisələrin layihələndirilməsi işi ilə məşğuluq. Yanaşmamız ondan ibarətdir ki, hər rayondakı peşə təhsil müəssisəsi həmin regionun potensialına uyğun olsun".
Direktor onu da bildirib ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək peşə təhsili müəssisələrində "yaşıl enerji" sahəsi üzrə ixtisaslar olacaq. Şuşa Dövlət Peşə Təhsil Mərkəzində isə ölkə üzrə ilk dəfə olaraq 3 yeni ixtisas açılacaq. Həmin peşələr daş memarlıq abidələrinin bərpaçısı, bədii tikmə ustası, musiqi alətlərinin ustası ixtisaslarıdır.
"Hazırda Qarabağda peşə məktəblərində təhsil alacaqlar üçün konkret güzəştlər təsdiq olunmayıb. Biz belə bir təklif vermişik ki, oraya qayıdan və peşə təhsili alan əhaliyə müəyyən güzəştlər tətbiq edilsin. Amma bu hələ də təklif mərhələsindədir. Digər qurumlar məqbul sayarsa, bu təklif qəbul edilsə, oraya qayıdan əhali üçün yeni imkanlar olacaq", - deyə Ceyhun Kərəmov əlavə edib.
Elxan SALAHOV