22.11.2024, 02:35
AZ EN
04.10.2022, 17:50 143

“Şuşa Qarabağın dünəni, bu günü, sabahı”: Şuşa bazarları

XƏBƏRLƏR
  • “Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir.

Muzeydən bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat mədəniyyət paytaxtımız Şuşanın bazarlarına həsr olunub.

Orta əsrlər Azərbaycan memarlığının ən yaxşı üslub və ənənələri əsasında salınmış Şuşa qala şəhərinin bazarları milli koloriti və bənzərsizliyi ilə seçilirdi. Ticarət yollarından biri də buradan keçdiyi üçün şəhərdə müxtəlif təyinatlı bir neçə bazar yaranıb formalaşmış, bu bazarlar əsas küçələrin kəsişdiyi yerlərdə tikilmişdi. Şəhərin hər bir məhəlləsində də kiçik bazar¬lar fəaliyyət göstərirdi və bunlara da “bazarçe”, yəni “kiçik bazar” deyilirdi. XIX və XX əsrlərdə Şuşada bir sıra bazarlar var idi. Bu bazarlardan “Rastabazar” şəhərin baş ticarət küçəsi idi. Mərkəzdən keçən və Qala boyu uzanan bu düz küçə ən böyük ticarət obyektlərindən sayılırdı. Şuşanın ən məşhur tacirlərinin arşın malı, ayaqqabı, paltar, dərzi, çəkməçi, qəssab, tərəvəz, bəzzaz, nüsxəbənd, papaqçı, əttar dükanları burda yerləşirdi. “Rastabazar”ın başlanğıcından sahə “bazar başı”, qurtaracağındakı ərazi isə “meydan” adlanırdı.

“Şeytanbazar” şəhər meydanındakı karvansaranın qarşısından başlayaraq “Cıdır düzü” istiqamətində uzanan ikinci düz küçədir. Burada, əsasən, dəmirçi və nalbənd dükanları yerləşirdi.

“Həftə bazarı” şəhərdə yalnız bazar günləri fəaliyyət göstərən yarmarka tipli bazar olub. Həftəbazarları arasında ticarət işlərini, əsasən çarvadarlar və xırdavatçılar yerinə yetirirdilər.

“Qapandibi” Şuşanın ilk böyük ticarət komplekslərindən biri idi, “Böyük bazar”, “Böyük tərəzi” demək idi. Bəzən onu “Aşağı bazar” və ya “Aşağı meydan” adlandırırdılar. Meydanın bir tərəfində faytonçular, digər tərəfində isə arabaçılar dayanırdı. Ötən əsrin XX illərinə qədər fəaliyyət göstərən “Qapandibi bazarı” uzun illər Şuşanın satış bazası funksiyasını yerinə yetirib və şəhər iqtisadiyyatının inkişafında mühüm rol oynayıb. Lakin təəssüflər olsun ki, şəhərin tarixi-memarlıq abidələri arasında önəmli yeri olan bu tikililər erməni vandalizminə hədəf olmuş, tamamilə dağıdılıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR