10.04.2025, 09:20
AZ EN
11.02.2025, 15:59 264

Bu gün Əməkdar artist Azad Şükürovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün görkəmli aktyor, bədii qiraət ustası, pedaqoq, Əməkdar artist, professor Azad Hətəm oğlu Şükürovun  doğum günüdür. Azad Şükürov 1959-cu il fevralın 11-də Ağdamın Muğanlı kəndində, müəllim ailəsində dünyaya gəlib. Hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılıb.

1977-1981-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində - Rza Təhmasibin kursunda təhsil alıb, İnstitutu fərqlənmə diplomu ilə bitirib. 1981-1984-cü illərdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında, 1984–1990-cı illərdə Tədris Teatrında, 1990-1992-ci illərdə isə Şuşa Dövlət Musiqili Dram Teatrında çalışıb. 1992–2009-cu illərdə Bakı Bələdiyyə Teatrında öz fəaliyyətini davam etdirib.

1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllim işləyən Azad Şükürov 1996–2002, 2015–2022-ci illərdə həmin kafedranın müdiri vəzifəsində çalışmış, hal-hazırda Musiqili teatr aktyoru kafedrasının müdiridir. Həmçinin, müxtəlif ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir.

1992-ci ildən Bakı Bələdiyyə Teatrında aktyor kimi çalışıb, bir neçə xarici ölkədə mükafatlar alıb, 2003-cü il oktyabr ayında I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb. Dövri mətbuatda, qəzet və jurnallarda, monoqrafiya xarakterli kitablarda 20-yə qədər elmi məqalələri çap edilib. "Televiziyada danışıq" proqramı (1990), "Danışıq texnikası" və "Televiziyada danışıq" fənninə dair tədris proqramı və metodiki göstərişlərin müəllifidir.

Professor Azad Şükürov 2002-ci ilin noyabr ayında “Respublikanın Əməkdar artisti” fəxri adına layiq görülüb. 2023-cü ilin dekabr ayında ADMİU 100 illiyi münasibətilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib, 2024-cü ilin mart ayında isə  Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalına layiq görülüb.

“Vətən Səsi” görkəmli ziyalımız Azad Şükürovu doğum günü münasibətilə təbrik edir, ona cansağlığı, uzun ömür və azad Ağdamda möhtəşəm mədəni layihələrə imza atmağı arzulayır.    

Mina RƏŞİD

Oxşar xəbərlər