23.12.2024, 04:50
AZ EN
25.11.2024, 09:40 305

Bu gün xanəndə Qaraxan Behbudovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün səsi ilə yaddaşlara möhür vuran unudulmaz xanəndə, Əməkdar artist Qaraxan İmran oğlu Behbudovun doğum günüdür.

O, 1935-ci il noyabrın 25-də Ağdam rayonunun Əfətli kəndində dünyaya göz açıb. 1953-cü ildə Mahrızlı kənd orta məktəbini bitirib. Elə uşaq yaşlarından radiodan, val yazılarından eşitdiyi mahnıları züm-zümə edərək ustadların ifalarını mənimsəməyə çalışırmış. Ağlı kəsən vaxtdan etibarən əmisi, Qarabağın məşhur xanəndəsi Əfətli Əkbərin avazı ilə böyümüşdü. Əmisinin avazı vasitəsilə muğamat onun ruhuna hopmuşdu.

 Xanəndə 1954-cü ildə hərbi xidmətə yollanır, 1956-cı ildə hərbi xidmətini başa vuraraq Əfətliyə qayıdır. 1961-ci ildə Şuşa Pedaqoji Texnikumunu bitirib. Texnikumda təhsil aldığı vaxtlarda məktəbin bədii özfəaliyyət dərnəyinin üzvü olub. Həmin dövrdə konsertlərdə öyrəndiyi mahnıları, kiçik muğam parçalarını ifa edirmiş. 1961-1963-cü illərdə İmişlidə sinif müəllimi kimi fəaliyyət göstərib.

Dövrünün ən məşhur tarzəni Bəhram Mansurov Q.Behbudovun sənətə gəlməsini belə xatırlayır: "Mən öz sənət dostlarımla birgə Ağdamda səfərdə olanda Qaraxanın atası İmranla qarşılaşdım, biz bir-birimizi tanıyırdıq. Xeyli söhbətdən sonra o, Qaraxan haqqında mənə danışdı. Qaraxanı çağırdım və oxumağını xahiş elədim. Qaraxan bizim üçün bir muğam və bir neçə təsnif oxudu. Doğrusu, onun səsi mənim çox xoşuma gəldi və mən dedim ki, sən mütləq Bakıya gəlməli, muğam təhsili almalısan. Qaraxan Behbudov mənim məsləhətlərimə qulaq asdı və Bakıya gələrək muğam təhsili aldı. O, konsert zallarında şövqlə çıxış edərək xalqın rəğbətini qazana bildi. Onun musiqiyə olan sonsuz həvəsi məni heyran edirdi".

 B.Mansurovdan başqa, bəstəkar Süleyman Ələsgərov da Ağdamda olanda konsertlərin birində Q.Behbudovun səsini eşidir və Bakıya gəlməyini məsləhət görür. Beləliklə, Q.Behbudov 1963-cü ildə sənədlərini Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xanəndəlik şöbəsinə verir. Burada ustad xanəndələr Əlibaba Məmmədovun və Nəriman Əliyevin sinifində muğamatın sirlərini öyrənən Q.Behbudov Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov və Mütəllim Mütəllimovla ünsiyyətdə olaraq onlardan bəhrələnmiş, sənət yolunda daha da püxtələşmişdi. Tələbəlik illərində möhkəm dostluq etdiyi sənətkar Xalq artisti Canəli Əkbərov olub.

Vaxtilə Filarmoniyanın direktoru olan görkəmli sənətkarımız Şəmsi Bədəlbəylinin də Q.Behbudova xüsusi rəğbəti varmış. Onun ifasını korsertlərin birində eşitdikdən sonra xanəndəni Filarmoniyaya dəvət edib. Q.Behbudov 1964-cü ildə daxili baxışdan sonra Filarmoniyaya solist kimi işə götürülüb. 1978-ci ilə qədər Azərbaycanın müxtəlif bölgələrinə səfər edərək konsertlər verib. 1978-ci ildən 1994-cü ilə qədər Azərbaycan Konsert Birliyində dövrünün çox məşhur sənətkarları ilə birlikdə fəaliyyət göstərib. Bu illərdə Q.Behbudov, sözün əsl mənasında, xalqın sevimlisinə çevrilməyi bacarıb. Müxtəlif illərdə Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" ansamblında, Bəhram Mansurovun rəhbərlik etdiyi ansamblda, sonralar Ağasəlim Abdullayevin bədii rəhbəri olduğu Baba Salahov adına "Araz" xalq çalğı alətləri ansamblında, Əliağa Quliyevin bədii rəhbəri olduğu ansamblda fəaliyyət göstərib. Özünün də xatirələrində qeyd etdiyi kimi, onun yüksək səviyyəli xanəndəyə çevrilməsində Bəhram Mansurovun və Əliağa Quliyevin çox böyük rolu olub. Qaraxan Behbudov vaxtilə özünün "Qönçə" ansamblını da yaradıb və bu ansamblla bir çox qastrol səfərlərində olub. O, eyni zamanda, ölkə xaricində də musiqimizi layiqincə təbliğ etməyi bacarıb. Sovet respublikalarında, eləcə də Afrikanın bir sıra ölkəsində konsertlər verib.

 Q.Behbudovun səsinin diapazonu çox geniş idi. Maraqlı məqam odur ki, onun ifasında zil guşələrdə də qəzəl aydın başa düşülürdü. O, 70 yaşında belə zil pərdələrdə rahat ifa edə bilirdi. Vahid poeziya evindəki "Bayatı-Şiraz"ı hələ də həmin tədbirdəki qonaqların yaddaşındadır. Tamam dəsgahı oxuyan xanəndənin həmin vaxtlar 70 yaşı vardı. Q.Behbudov ömrünün sonuna qədər səsini qoruyan sənətkarlardan idi. 

 Q.Behbudovun muğam sənətinə verdiyi ən böyük töhfələrdən biri də pedaqoji fəaliyyəti idi. O, yüzlərlə tələbəyə Azərbaycan muğamının sirlərini öyrədərək özündən sonra bir məktəb formalaşdırmağı bacardı. O, 1996-1999-cu illərdə Q.Qarayev adına 8 saylı musiqi məktəbində, 1999-cu ildən 2010-cu ilə qədər isə S.Rüstəmov adına 12 saylı musiqi məktəbində yeniyetmələrə muğamın sirlərini öyrədib. 2010-cu ildə Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasında pedaqoji fəaliyyətini davam etdirib. Q.Behbudovun yetişdirdiyi tələbələr də bu gün pedaqoji fəaliyyətlə məşğuldular. Ağcabədi şəhər Qarabağ Muğam mərkəzində muğam müəllimi kimi fəaliyyət göstərən Tural Niftəliyev öz müəllimini belə xatırlayır: "Qaraxan müəllim çox qayğıkeş müəllim idi. Tələbələrin hər birinə xüsusi diqqət göstərirdi. Muğamı yaxşı mənimsəməmizdən ötrü əlindən gələni edirdi. Mən bir tələbə kimi çox müəllimdə görmədiyim insani kefiyyətləri onda gördüm. Allah Qaraxan müəllimə rəhmət eləsin!"

 Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülən Q.Behbudovun ifası Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələn "Qarabağ xanəndələri" muğam albomuna da daxil edilib.

 Q.Behbudov Qarabağın işğalından üzü bu yana bu həsrəti ürəyində yaşadan, bu fəlakətlə heç cür barışa bilməyən sənətkarlardan idi. Amma Tanrı ona bu həsrətlə dünyadan köçməyi rəva bilmədi. 2020-ci il noyabrın 10-da Ağdamın, o cümlədən, digər ərazilərin işğaldan azad olması xəbəri elan olundu. Qaraxan müəllim, bu dünyadan köçməmiş, belə bir şad xəbəri eşidə bildi. Dəyərli sənətkarımız noyabrın 17-də, 85 yaşının tamamına sayılı günlər qalan bir vaxtda dünyamızı tərk etdi. Allah rəhmət eləsin.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər