Muzeydən bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat İbrahimxəlil xanın qızı - Ağabəyim ağaya həsr olunub.
Ağabəyim ağa 1782-ci ildə Şuşada anadan olub. O, türk-islam dünyasının ən mütərəqqi, yüksək təhsilli, siyasi nüfuzlu xanımlarından biridir. O, İran şahı Fətəli şahın sevimli zövcəsi olub.
Ağabəyim ağa erkən yaşlarından saray alimlərindən dərs alıb, şeir yazıb, dünyəvi elmlərdə, musiqi - sənət fənlərində hünər göstərib. Ərəb, fars, ingilis, fransız dillərini öyrənib.
Ağabəyim ağanın taleyi Qarabağın və regionun siyasi hadisələrinin qəmli hekayəsidir. O, qürbətdə şah sarayında cah-calal içində yaşasa da həyatı çox kədərli, nisgilli olub. Gözəlliyi, zəkası və yüksək nitq mədəniyyəti ilə dillər dastanı olan xan qızı öz əmisi oğlu Məhəmməd bəyə aşiq idi. Lakin Qarabağda və regionda baş verən siyasi hadisələr Ağabəyim ağanın taleyinə böyük təsir göstərdi. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetirildikdən sonra taxta çıxmış Fətəli şah "hər iki tərəfin xətircəmliyi üçün" İbrahimxəlil xandan qızı Ağabəyim ağanı hərəmxanasına göndərilməsini istəyir. Ağabəyim ağa öz xoşbəxtliyini Vətənin gələcəyi naminə qurban verməli olur. O, 1798-ci ildə Tehrana gəlin getsə də, öz eşqinə və əhdinə xilaf çıxmır. Bir müddətdən sonra Qum şəhərinə köçür. Fətəli şah Ağabəyim ağaya çox aşiq idi və ona dövlətin siyasətinə müdaxilə etmək hüququ vermişdi.
Tehranda olarkən qəm-qüssəyə yenilməyən Ağabəyim ağa "Qarabağ şikəstəsi" və "Sarı Bülbül" kimi məşhur şeirlərini yazmışdı. Özünə "Qarabağ şikəstəsi" adı verən məhəbbətin, qürbətin və Vətən itkisinin ağrısı ilə yaşayan xan qızı son nəfəsinə kimi Qarabağ deyib haray çəkmişdi. 1831-ci ildə Ağabəyim ağa zəhərlənir və bu cinayət əməli nəticəsində dünyasını dəyişir. O, Qum şəhərində xanədan sahiblərinə aid məzarlıqda dəfn edilir. (AZƏRTAC)