Sərginin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunması təsadüfi deyil.
Belə ki, “Təbiətdə tarazlıq” (Equilibrium in Nature) ekspozisiyası ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəldəcək. Bakı sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ilə yanaşma, təbiətin gücü və bu gücün tükənməzliyinin təsviri ideyası təşkil edir.
Lorenso Kuinnin əsərləri Heydər Əliyev Mərkəzinin parkında və foyesində təqdim olunacaq. Bakı sərgisində ziyarətçilər “Eros”, “Birlikdə” (Together), “Paralel dünya” (Pharalel Universe), “Təbiətin gücü” (Force of Nature), “Özünü sev” (Love Yourself), “Balanslaşdırılmış dünya” (Balanced World) və digər əsərlərlə tanış ola biləcək.
Eksponatlar arasındakı “Tanrının əli” (Hand of God) heykəltəraşlıq nümunəsi müəllifin şedevrlərindən hesab olunur. Bu əsərdə bükülmüş çılpaq adam yorğun halda qollarını aşağı salaraq, onu dəstəkləyən nəhəng bir ovucun içərisində oturur. Lorenso bu əsərini oğluna həsr edib. “Tanrının əli” ziyarətçilərin diqqətini uşaqların real həyatda üzləşdiyi təhlükələrə cəlb edir. Bu əl sonradan Kuinnin digər monumental işlərində mərkəzi elementə çevrilib. Həmin əl sevgi, nifrət, yaratmaq hissi və məhv etmək gücünü təsvir edir.
Lorensonun Bakıya gətirilən digər işi isə “Birlikdə” (Together) adlanır. Məhz bu kompozisiyanın Gizada nümayişi ilə ilk dəfə müasir incəsənətin piramidaya yaxın olmasına icazə verilmişdi. Sözügedən monumental kompozisiya 2021-ci ildə Kann şəhərində, 2023-cü ildə isə Dubayda sənətsevərlərə təqdim olunub. İndi isə əsər 6 ay ərzində Bakı sərgisində Heydər Əliyev Mərkəzinin parkında yer alacaq. Əsərdə insana yaratmağa, həm də məhv etməyə imkan verən vasitə olan əllər təsvir edilib. Bununla rəssam hər şeyin öz əlimizdə olduğuna inanır.
Bakı sərgisini bəzəyən digər əsər “Təbiətin gücü” (Force of Nature) olacaq. Əsər kövrək, lakin çox güclü qadın obrazını təcəssüm etdirir. Burada ana təbiətin özü canlandırılır.
Heydər Əliyev Mərkəzinin parkında dünya sənətsevərlərini heyran edən Lorenso Kuinnin “Bəxş et və al” (Give and Take) əsərini də izləmək mümkün olacaq. Həmin əsərlə heykəltaraş diqqəti həyatda, o cümlədən təbiətdə tarazlığın önəminə yönəldir.
Oskar mükafatına layiq görülmüş aktyor Entoni Kuinn və geyim dizayneri, aktrisa İolanda Addolorinin ailəsində doğulan Lorenso Nyu-Yorkda İncəsənət Akademiyasında təhsil alıb. Rəssam olmağı planlaşdırsa da, enerjisini və orijinal ideyalarını daha yaxşı ifadə etmək üçün taleyini heykəltaraşlıqla bağlamaq qərarına gəlir. Lorenso Kuinn aktyor kimi də tanınaraq filmlərdə rol alıb.
“Hisslərin yaradıcısı”, “emosiyaların rəssamı” kimi tanınan Lorenso son dövrlərdə ən çox tələb olunan heykəltəraşlardan biridir. Lorenso Kuinnin əsərləri dünyaya sülh, harmoniya, “yaratmaq və ya məhv etmək yalnız öz seçimimizdən asılıdır” kimi ismarıcları çatdırır. Əsərləri insan təbiətinin müsbət və mənfi cəhətlərinin tarazlığını nümayiş etdirir. (Trend)