21.11.2024, 21:19
AZ EN
14.09.2024, 16:45 256

Polad Bülbüloğluna Ermitaj mükafatı təqdim olunub

XƏBƏRLƏR
  • Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Azərbaycanın Moskvadakı səfiri, Azərbaycanın Xalq artisti Polad Bülbüloğluna Ermitaj Mükafatını təqdim edib.

10-cu Sankt-Peterburq Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində Ermitaj mükafatının təqdimat mərasimi olub.

Ermitaj muzeyinin Qış sarayının Georgi zalında baş tutan mərasimdə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova və Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, mədəniyyət xadimləri, diplomatlar iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Polad Bülbüloğlu Ermitaj muzeyinə hələ uşaq ikən gəldiyini xatırladıb. Deyib ki, Azərbaycan xalqı II Dünya müharibəsi illərində Sankt-Peterburqda, məhz Ermitaj binasında dahi Nizaminin 800 illik yubileyinin, həmçinin sonralar 850 illik yubileyinin qeyd olunduğunu heç zaman unutmur. Səfir vurğulayıb ki, bu gün mədəniyyət xalqları və ölkələri birləşdirən mühüm amildir.

Polad Bülbüloğlu onun fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib, çıxışını “Qorxma mən səninləyəm” filmindən mahnı səsləndirməklə yekunlaşdırıb.

Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy vurğulayıb ki, Polad Bülbüloğlu mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə xidmət edib. “O, dahi musiqiçi, dahi müğənnidir. Sevindirici haldır ki, Polad doğma torpağı Şuşadan deputat seçilib. Bu torpaq onun atasına və özünə möhtəşəm səslər bəxş edib. Qoy, bu səslər uzun illər Azərbaycanın inkişafına xidmət etsin”, - deyə Mixail Şvıdkoy bildirib.

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov vurğulayıb ki, Polad Bülbüloğlu Azərbaycan mədəniyyətini təkcə Rusiyada deyil, bütün dünyada tanıtmış böyük sənətkardır. Qubernator Polad Bülbüloğlunu təbrik edərək ona uğurlar arzulayıb.

Qeyd edək ki, bu il Ermitaj Mükafatına, həmçinin Rusiyanın Xalq artisti, xoreoqraf Boris Eyfman da layiq görülüb.

Ermitaj Mükafatı Sankt-Peterburq Birləşmiş Mədəniyyətlər Forumunun təşkilat komitəsi tərəfindən Dövlət Ermitaj muzeyi ilə birgə təsis edilib. Mükafat 2023-cü ildən hər il rusiyalı və əcnəbi mədəniyyət və incəsənət xadimlərinə təqdim olunur. (AZƏRTAC)

Oxşar xəbərlər